Milli Məclisin plenar iclası bu gün işinə başlayıb. “Leqal.info”nun verdiyi xəbərə görə, ilk olaraq Baş prokurorun vəzifəyə təyin edilməsinə razılıq verilməsi haqqında məsələyə baxılır.

İclasda 116 deputat iştirak edir. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev çıxış edərək bildirib ki, Prezident İlham Əliyev Kamran Əliyevi Baş Prokuror vəzifəsinə təqdim edib.

Ə.Vəliyev çıxışının davamında K.Əliyevin bioqrafiyası haqda məlumat verib: “Ümid edirəm, Milli Məclis cənab Prezidentin Kamran Əliyevin Baş prokuror təyin edilməsi barədə təqdimatına razılıq verəcəkdir”.

***

Baş prokuror vəzifəsinə namizəd Kamran Əliyev də iclasa qatılıb.

***

Vitse-spiker Əli Hüseynli bildirib ki, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında üzvlər Kamran Əliyevin Baş Prokuror təyin edilməsinə razılıq verib.

Deputat Vahid Əhmədov çıxış edərək deyib ki, gündəlikdə bir çox ciddi məsələlər var: “Hesablama Palatasının illik hesabatı təqdim olunmalıdır, Baş prokurorun təyin edilməsinə razılıq verilməlidir və gündəlikdə əlavə 20-dən çox məsələ var. Kamran Əliyevi peşəkar prokuror kimi hər birimiz tanıyırıq, müəyyən üsniyyətimiz də olub. Buna görə də təklif edirəm ki, çıxışlar olmadan səsverməyə keçək”.

Səsvermə nəticəsində 114 səslə K.Əliyev Azərbaycanın yeni Baş Prokuroru seçilib.