"Azərbaycanın işğal altında olan torpaqlarında 12 peşə təhsil müəssisəsi fəaliyyət göstərib".

Leqal.info xəbər verir ki, bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı deyib.

O bildirib ki, işğaldan sonra həmin təhsil müəssisələrinin 6-sı tamamilə fəaliyyətini dayandırıb, 6-sı isə köçkün məktəbləri formasında rayonlarda fəaliyyət göstərir: "Peşə təhsil sistemi Ermənistanın işğalçı dövründə ən çox zərər görən sistemlərdən biri olub. Azərbaycan torpaqları işğal edildikdən sonra peşə təhsili müəssisələrinə aid infrastrukturun, təxminən, 50 faizi qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün istifadə olunub".

"Torpaqlarımızın işğaldan azad olunması ilə İşçi qrup və komissiyalarda, dövlət qurumlarında bir çox işlər görülür. İşğaldan azad olunan torpaqlarda peşə təhsili müəssisələrinin fəaliyyəti ilə bağlı məktəblərin harada tikilməsi, profillər və ixtisaslar, infrastruktur, növbəlilik məsələsinə baxılır. Bu barədə qərarlar qəbul olunduqca məlumatlar veriləcək",- direktor müavini əlavə edib.