“Ştutqart” mağazalar şəbəkəsi ilə bağlı mətbuatda yazılanlar qarşı tərəfi narahat etsə də, bir çox hallarda adıçəkilən mağazaların rəhbəri Əfqan Abdullayev əməllərinə son qoymur.

“Ştutqart”ın deputat Nəriman Əliyevin olduğunu hamı bilir. Amma millət vəkili bütün sənədləşməni bacısı oğlu Əfqan Abdullayevin adına rəsmiləşdirərək, diqqətdən kənarda qalmaq istəyir. Lakin hər kəs gözəl bilir ki, mağazalar şəbəkəsinin əsl sahibi kimdir.
Bir müddət öncə öz işçilərinin başına oyun açaraq onların 300 min manatlıq əmlakını, avtomobillərini əlindən alan Əfqan Abdullayev hikkəsini yerə qoymayaraq, işçilərinə qarşı qərəzli münasibət sərgiləməkdədir. Belə ki, bu şəxs Əmək Məcəlləsinin tələblərinə əhəmiyyət verməyərək vaxtilə işdən çıxartığı işçiləri ilə əlaqədə olan şəxsləri də cəzalandırır, hətta onları işdən azad edir.
Leqal.info-ya daxil olan məlumata görə, bu ayın əvvəli “Ştutqart”da satış meneceri işləyən Xəyal Hüseynovun toyu olub. Toya “Ştutqart”ın keçmiş işçisi olan Qoşqar adlı şəxs də dəvətli olub. Məhz Qoşqarın toya çağırılmasına görə, Əfqan Abdullayev Xəyalı cəzalandıraraq vəzifəsindən azad edərək anbara göndərib, daha sonra isə onu işdən azad edib. Maraqlıdır ki, bu toy tək Xəyal adlı işçiyə yox, həm də onunla bərabər digər 3 nəfər işçiyə - Racu (Bakıxanovun satış müdiri), Ramil (MKR-MBZ satış meneceri) və Xəyal (MKR satış müdiri) adlı digər işçiyə də baha başa gəlib. Adları çəkilən şəxslər toyda Qoşqara salam verdiklərinə görə işdən çıxarılıblar. Amma işdən çıxarılanların hər biri başqa-başqa ad altında işdən azad ediliblər.
Bu azmış kimi, 13 nəfər işçinin xidmət yeri isə dəyişdirilmişdir. Buna səbəb kimi də, Qoşqar amili göstərilir. (Siyahını dəqiqləşdirib dərc edəcəyik)
Bildirək ki, Qoşqar adlı şəxs vaxtilə “Ştutqart”da çalışıb. Sonradan narazılıq yarandığından işdən azad olunub. Amma “Ştutqart”ın rəhbəri keçmiş işçisini cəzalandırmaqdan çəkinməyib.

Mövzunu diqqətdə saxlayacağıq.

P.S Qoşqarın üzərinə göndərilmiş gəncləri 34-cü polis bölməsindən kim xilas etdi? Həmin gənclər harada söyüş söyərək, qarşı tərəfi təxribata çəkməyə çalışdılar? Araşdırmadan sonra bu məsələlərə toxunacağıq.

Leqal.info