Bronxial astma (BA) dünya həkimlərini narahat edən qlobal problemlərdən biridir.

BA tənəffüs yollarının selikli qişasının xronik allergik iltihabı nəticəsində əmələ gələn bronxların hiperreaktivliyi və residiv verən bronxospazmı ilə xarakterizə olunur.

Son 20 il ərzində tibb elmində BA-nın etiologiyasının və patogenezinin öyrənilməsində əhəmiyyətli addımlar atılmışdır. Funksional diaqnostika üsullarının inkişafı xəstəliyin klinik mənzərəsinin öyrənilməsində, diaqnostikanın yaxşılaşdırılmasında və onun daha da müasirləşməsində irəliləməyə imkan vermişdir. Daha yüksək proqress BA-nın müalicəsində əldə olunmuşdur. BA-nın xronik gedişatı xəstəliyin gedişinə nəzarət edən preparatların uzun müddət tətbiq olunmasını tələb edir.

Hazırda BA müalicə və nəzarətə tabe olan xəstəlikdir. Müalicənin əsas məqsədi – xəstəliyin klinik əlamətləri üzərində nəzarətə nail olmaq və bu nəzarətin uzun müddət saxlanılmaqdan ibarətdir. BA-nın müalicəsində dərman preparatları 2 formada istifadə olunur:

uzunmüddətli profilaktik məqsədlə tətbiq edilən, BA-nın gedişini nəzarət altında saxlayan preparatlar (bazis terapiya);
kəskin dövrdə tutmanı aradan qaldırmaq məqsədilə tətbiq olunan, təcili yardım göstərmək üçün istifadə olunan preparatlar (simptomatik preparatlar)
GINA tövsiyələrinə görə BA-nın müalicəsi pilləli aparılır. Hər bir pasientə müalicənin beş pilləsinin birinə uyğun olan müalicə təyin edilir.

Pasientin vəziyyəti nə qədər ağırdırsa, müalicə pilləsi bir o qədər də yüksək olmalıdır. Hər bir pillədə pasientlər ehtiyac olduqda simptomları tez yüngülləşdirmək üçün təxirəsalınmaz bronxospazmın, tutmaşəkilli öskürəyin, fitverici xırıltıların tez bir zamanda aradan qaldırılmasına istiqamətləndirilirlər. Bu vasitələr qısa zamanda tənəffüs yollarının sərbəstliyini təmin edir. Təcili yardım göstərmək üçün istifadə olunan preparatlardan qisamüddətli bronxodilatatorlar kəskin tutmanı aradan qaldırmaq məqsədilə verilir. Qısamüddətli b2-aqonistlər BA-nın kəskinləşməsi zamanı birinci cərgə preparatlarıdır, bu onunla əlaqədardır ki, onlar dərhal təsir edir və nisbətən yüksək təhlükəsizlik profilinə malikdirlər.

BA-nın kəskinləşməsinin müalicəsi zamanı antixolinergik preparatlar ikinci cərgə preparatlarına aid edir. Onlar effektivliyinə görə b2-aqonistlərdən geri qalır, lakin praktik olaraq ağırlaşmalar vermirlər, monoterapiya ilə müqayisədə b2-aqonistlərə kombinasiya olunduqda daha yüksək bronxgenəldici effekti təmin edirlər. Lakin həkim bilməlidir ki, bu preparatlardan çox tez-tez istifadə edilməsi və ya onlardan istifadənin artırılması BA-nın pis nəzarət olunmasına işarədir.

Bazis terapiyanın əsasını təşkil edən iltihab əleyhinə preparatlar uzun müddət gündəlik qəbul olunan, xəstəliyin gedişinə nəzarət edən profilaktik preparatlar kimi tanınır. Bazis terapiyanın məqsədi – kəskinləşmələrin ağırlıq dərəcəsini və tezliyini, bronxların hiperreaktivliyini azaltmaqla xəstəliyin remissiyasına nail olmaq və ağciyərlərin funksiyasını yaxşılasdırmaqdır.

Dərman preparatın az dozasından istifadə olunmasının mümkünlüyü və preparatın ümumi qan dövranına daxil olmasının qarşısının alınması, bu metodika zamanı bronxodilatatorların və QKS arzuolunmaz effektlərin inkişaf riskini azaldır.

BA-nın müalicəsi üçün medikamentoz vasitələr müxtəlif yollarla tətbiq edilə bilər: inhalyasiya formasında, peroral və parenteral. İnhalyasion dərmanlara daha çox üstünlük verilir, çünki belə yeridilmə üsulunda dərman maddələri birbaşa tənəffüs yollarına çatdırılır. Nəticədə dərman preparatın az dozasından istifadə sürətli və daha güclü terapevtik effekt əldə edilir, preparatın ümumi qan dövranına daxil olmasının qarşısının alınması, həmçinin bu metodika zamanı bronxodilatatorların və QKS arzuolunmaz effektlərin inkişaf riskini azaldır. Çatdırılmanın inhalyasion yolu parenteral tətbiqdən fərqli olaraq daha tez effekt təmin edir, pasientin və tibbi personalın infeksiyalaşma təhlükəsini törətmir, texniki cəhətdən sadədir.

İnhalyasion terapiyanın effektivliyi əhəmiyyətli dərəcədə xəstənin inhalyasıyasını düzgün şəkildə aparmasından asılıdır. Müxtəlif inhalyatorların tətbiq edilməsi zamanı fərqli texnikalardan istifadə olunur. Pasiyentlərə və ya onların valideynlərinə (əgər pasiyentlər uşaqdırsa) inhalyasiya üçün vasitələrdən istifadə etməyi öyrətmək, həmçinin hər bir həkim qəbulu zamanı onlardan öz vərdişlərini nümayiş etdirməyi xahiş etmək lazımdır. Pasienti konkret inhalyatordan düzgün istifadə etməyi öyrətmək və müntəzəm olaraq onun istifadə texnikasını yoxlamaq lazımdır.

Aerozol preparatlar; aşağıda göstərilən çatdırılma vasitələrinin köməyi ilə tətbiq olunurlar:

Dozalaşdırılmış aerozol inhalyatorlar (DAİ)
Tənəffüslə aktivləşdirilən DAİ
Quru tozlu dozalaşdırılmış inhalyatorlar
Nebulayzer vasitəsi ilə verilən “yaş” aerzollar
Dozalaşdırılmış inhalyatorlar bir preparatdan ibarət ola bilər və ya dərmanların kombinasiyasından təşkil oluna bilərlər. Qlükokortikosteroid hormon və bronxolitik DAİ nəfəsalmanın zəif gücündə belə tam dəyərli inhalyasiyanı həyata keçirməyə imkan verir, lakin pasientlərdə bu proceduranı həyata keçirmək üçün kifayət qədər təcrübə olmalıdır, nəfəsalma ilə inhalyatorun aktivləşdirilməsi arasında koordinasiya olmalıdır.

Speyserlərdən (ehtiyyat kameraları) istifadə olunması nəfəsvermnin və inhalyatorun aktivləşdirilməsinin sinxronlaşdırılması prosesini yüngülləşdirməyə imkan verir, aerozol selinin sürətinin azaldılması hesabına onun bronxlara daxil olmasını artır, preparatın ağır boşluğunda çokməsini, öskürəyi azaldır və eyni zamanda orofarengial mikoz və sistem effektlərin riski ehtimalını minimallaşır.

Əgər xəstə DAİ istifadə qaydalarını öyrənə bilmirsə, ona tənəffüslə aktivləşdirilən DAİ təyin etmək olar. DAİ tərkibində propellent yoxdur və məntiqi olaraq onunla bağlı problemlər olmur. DAİ-dən fərqli olaraq onların tətbiqi sadədir, çünki onlar nəfəsalma ilə aktivləşdirilir və tənəffüs manevrlərinin sinxronluğundan asılı deyillər. Lakin DAİ-nin istifadəsi nəfəsalmanın kifayət qədər gücünü tələb edir. Ona görə də heç də həmişə istənilən nəticəyə nail olmaq mümkün olmur, ondan başqa nəfəsvermənin gücü dəyişən zaman dozanın korreksiyası vacibliyi yarana bilər respirabel fraksiyanın azalması xəstəliyin kəskinləşməsi ilə nəticələnə bilər. DAİ-nin 3 nəsli mövcuddur: kapsul (spinxaler, rotaxayler, diskxayler), rezervuar (turbuxaler, sikloxaler, izixaler), multidozalaşdırılmış (multidisk). Birinci nəsl qurğuların istifadəsi çox da rahat deyil, lakin onlar dozalaşmanın yüksək dəqiqliyinə malikdirlər, ikinci nəsl tətbiq üçün daha rahatdır, lakin rütübətdən pis qorunurlar və dozalaşmanın yüksək dəqiqliyinə malik deyillər, üçüncü nəsl daha təkmilləşdirilmişdir.

Təcili yardım göstərmək üçün istifadə olunan simptomatik preparatlardan maye formalı bronxospazmolitikləri inhalyasiya üçün istifadə olunan nebulayzerlərin vasitəsilə qəbul etmək olar. Nebulayzer dərman preparatlarının püskürdülməsi üçün inhalyasiya qurğusu olub, optimal ölçüsü 1 mkm-dan 5 mkm-ə qədər hissəciklərdən ibarət xırdadispersli aerozol əldə etməyə imkan verir. Xırdadispersli dərman aerzolları kiçik bronxlara, həmçinin bronxiollara və alveollara sərbəst şəkildə nüfüz olurlar. “Nebulayzer” termini latın “nebula” sözündən götürülərək, “duman”, “bulud” deməkdir. Nebulayzer haqqında ilk məlumatlar 19-cu əsrin sonunda çıxmışdır – belə ki duru dərman maddəsini aerozola çevirən qurğu belə adlandırılmışdır. Müasir nebulayzerlər duru dərman maddəsini sıxılmış havanın (şırnaqlı və ya kompressor nebulayzer) və ya ultrasəs dalğalarının (ultrasəs) təsiri altında çevirirlər.

Ultrasəs nebulayzerlərdən əsas etibarilə yuxarı tənəffüs yollarının xəstəliklərinin müalicəsində istifadə edilir. Aşağı tənəffüs yollarının və xüsusəndə bronxial astmanın müalicəsində ultrasəs nebulayzerlərdən istifadə edilmir, çünki onlar qatı mayeləri praktik olaraq aerozola çevrilmirlər, həmçinin ultrasəsin təsiri altında bir çox dərman preparatları, o cümlədən kortikosteroidin suspenziyasının tərkib hissəsi dağılaraq inaktivləşə bilirlər. BA müalicəsində şırnaqlı nebulayzerlərdən istifadə edilir ki, onların iş pricipi aşağıdakı kimidir: xüsusi boru vasitəsilə sıxılmış hava rezervuara (konteynerə) verilir, oraya isə dərman maddəsinin məhlulu tökülür, qurğunun çixişinda isə aerozol əmələ gəlir və o, xəstəyə maska və ya müştük vasitəsilə inhalyasiya edilir. Nebulayzer terapiyasının məqsədi preparatın terapevtik dozasının qısa müddət ərzində patoloji prosesin baş verdiyi yerə aerozol formada çatdırılmasından ibarətdir. Bəzi hallarda bronxların keçiriliçiliyini tamamilə bərpa edilməsi mümkün olmadığı üçün nebulayzer əlavə təsirlər olmadan daha tez yaxşı nəticələr əldə etməyəə imkan verir.

Nebulayzer müalicəsinin üstün cəhətləri aşağıdakılardan ibarətdir:

1. onların tətbiqi rahatdır;

2. tənəffüsü və dərman maddələrinin daxil olmasını koordinasiya etməyə lüzum yoxdur, bu isə çox kiçik uşaqlarda (həyatının 1-ci aylarından) metodun istifadəsini asanlaşdırır;

3. tənəffüs yollarında dərman maddəsinin yüksək qatılığının yaradılması sayəsində klinik effektivliyin müsbət olması;

4. aerozolun tərkibində tənəffüs yollarının selikli qişasının qıcıqlandıran freon və propellentlər (həlledicilər və ya qazları daşıyan) olmaması;

5. parentel manipulyasiyalar aparmadan bronxların keçiriliçiliyini bərpa edilməsinin imkanının olması.

İnhalyasiya oturaq vəziyyətdə aparılır, nebulayzeri bilavasitə öz qarşısında tutmaq və prosedur zamanı danışmamaq tövsiyə olunur. İnhalyasiya zamanı xəstə dərindən, yavaş-yavaş, ağız vasitəsilə nəfəs almalıdır. Bu, xüsusilə maskadan istifadə etdikdə vacibdir, maska xəstənin sifətinə sıx yapışmalıdır: məsafənin artması inhalyasiyanın effektivliyini xeyli azaldır. Kortikosteroid preparatların istifadəsindən sonra ağızı səylə yaxalamaq lazımdır. Beləliklə, BA zamanı nebulayzer vasitəsi ilə dərmanların yeridilməsi xstəliyin ağırlaşma riskini xeyli azaldır və xüsusən də kortikosteridlərin sistemli biomümkünlüyünü aşağı salır.

Lakin unutmaq lazım deyil ki, effektiv müalicə üsullarının müvəffəqiyyətlə tətbiqinin qiymətləndirilməsi üçün pasient özü müalicə prosesini şüurlu yanaşmalı, dərman preparatlarının çatdırılma qaydalarını öyrənməli, pikfloumetrlə monitorinqi aparmalı və onun göstəricilərini qiymətləndirməlidir, pilləli müalicənin həcminin pikfloumetriyanın göstəricilərindən asılı olaraq dəyişdirilməsi prinsiplərini öyrənməlidir.

Daimi müşahidə astmanın nəzarətdə saxlanmasının əsasını təşkil edir, ən aşağı müalicə pilləsini seçməyə və dərmanların minimal dozalarından istifadə etməyə imkan verir. Adətən pasiyent ilkin müraciətdən sonrakı 1-3 ay ərzində, bundan sonra isə hər növbəti 3 aydan bir müayinə olunur. Astma tutmasından sonra pasiyent 2 həftədən 1 aya qədər olan müddət ərzində müşahidə altında saxlanmalıdır. (saglamolun.az)
Bronxial astmanın müasir müalicəsi
Həmidə Səlimzadə
Həkim-allerqoloq