Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev birdəfəlik ödəmə zamanı tətbiq edilən güzəştlərdən danışıb.

Leqal.info xəbər verir ki, nazir "Azərbaycan" qəzetinə müsahibəsində bildirib ki, portala edilən müraciətlərin emalı zamanı bir çox vətəndaşların sənədləri ilə bağlı ortaya müəyyən problemlər çıxsa da, bu sahədə də vətəndaşlara dəstək göstərilib: "Şəxsiyyət vəsiqələrinin müddəti bitsə də dəyişməyənlər vardı, lakin bu sahədə güzəşt tətbiq edildi, şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün xüsusi karantin rejimi dövründə müraciət imkanı yaradıldı, onların şəxsiyyət vəsiqəsinin qüvvədə olma müddəti xüsusi karantin rejiminin sonunadək uzadıldı.

Habelə bir sıra şəxslərin nikah münasibətlərində, ailə vəziyyətində dəyişiklik olsa da, bununla bağlı şəxsiyyət vəsiqələrini yeniləmədikləri məlum oldu. Onlara da güzəştlər edildi ki, müraciət edərək, müvafiq meyarlara uyğun olduqları halda bu proqramdan yararlana bilsinlər.

Telefon nömrələri öz adlarına olmayanlara da güzəşt edilib. Müraciət edərkən öz adlarına olmayan, istənilən telefon nömrəsini qeyd etməkdə sərbəstlik verildi".

Nazir vurğulayıb ki, "Məşğulluq haqqında" qanunvericilikdə məşğul şəxs hesab olunanların dairəsinə sahibkarlar, əmək müqaviləsi, yaxud mülki-hüquqi xarakterli müqavilə əsasında işləyənlər, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar, ailə kəndli təsərrüfatının üzvləri və b. daxildir: "Bu kateqoriyalardan olan şəxslər heç bir halda işsiz hesab edilmirlər. Müraciət edən vətəndaşlardan hansılarının ki, adına aktiv VÖEN var, yaxud əmək, xidməti, yaxud mülki-hüquqi xarakterli müqavilə əsasında fəaliyyət göstərir, torpaq payı mövcuddur, bunlar barədə məlumatlar aidiyyəti qurumların elektron bazalarından əldə olunub. Məhz bu məlumatlara əsaslanmaqla, insan faktoru olmadan, elektron qaydada qərar qəbul edilərək, o şəxslərə imtina cavabı verilib.
Müraciət edənlər sırasında maddi imkanları yetərli, hətta yüksək olanların da olduğu, belə insanların əslində 190 manatlıq vəsaiti əlavə gəlir kimi əldə etmək istədikləri məlum olub. Məsələn, mülkiyyətində 2 və daha çox daşınmaz əmlakı, avtomobilləri və s. olanlar müəyyən edilib. Təbii ki, sayı heç də az olmayan həmin müraciətçilərə imtina cavabı verilib, bu barədə konkret göstəricilər əsasında məlumatlar yayılıb. Maddi imkanları yaxşı səviyyədə ola-ola onların məhz aztəminatlı insanlar üçün ayrılan yardımı almağa cəhdləri haqlı olaraq kəskin ictimai qınağa səbəb olub".(Milli.Az)