İngiltərədəki Şərqi Anglia Universitetinin alimlərinin apardığı araşdırma çərçivəsində məlum olub ki, qan təzyiqini aşağı salan dərman COVİD-19-la mübarizədə effektiv təsir göstərir.

Leqal.info xəbər verir ki, alimlər qan təzyiqini aşağı salan dərman qrupu ilə COVİD-19 arasındakı əlaqəni araşdırıb. Araşdırmada 28 minə yaxın xəstə iştirak edib.

Mütəxəssislər angiotensin çevirən ferment inhibitorlarını (ACEi) və ya angiotensin reseptor blokerləri (ARB) istifadə edən xəstələrdə virusdan ölüm riskinin azaldığını müşahidə edib. Eyni zamanda xəstəliyin ağırlaşma riski də aşağı düşdüyü müəyyən edilib.

Universitetin Norviç Tibb Məktəbindən Dr. Vassilios Vassiliou bildirib ki, ürək-damar xəstəlikləri olan xəstələr Covid-19 infeksiyasını ağır keçirir:

“Epidemiyanın əvvəlində yüksək qan təzyiqi üçün istifadə edilən bəzi dərmanların COVİD-19 xəstələrində daha pis nəticələrlə əlaqələndirilə biləcəyinə dair narahatlıqlar var idi. Bu dərmanların insanlara təsirini öyrənmək istədik. ACEi / ARB dərmanlarını qəbul edən yüksək qan təzyiqi və COVİD-19 xəstələrinin bu dərmanları qəbul etməyənlərlə müqayisədə kritik və ya ölümcül nəticələrlə qarşılaşma ehtimalının az olduğunu gördük”.