Ermənistanda yüzlərlə insan paytaxtın mərkəzində Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirir.

Leqal.info “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, aksiya təşkilatçılarından biri, rejissor Arşak Zakaryan Qarabağda dövlət xəyanəti baş verdiyini və günahkarların cəzalandırılmalı olduğunu bildirib.

“Bu hakimiyyət orqanlarına üsyan etmək xalqın haqqıdır, konstitusiya hüquqlarından istifadə etməkdir”,- deyə o qeyd edib.

Daha sonra isə o, vətənə xəyanət və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı qanunlardan hissələr oxuyub. Zakaryan ayrıca səlahiyyətliləri 2020-ci ilin fevralında koronavirus məlumatlarını gizlətməkdə ittiham edib.

Xatırladaq ki, Qarabağla bağlı üçtərəfli bəyanat imzalandıqdan sonra Ermənistanda Baş nazir Nikol Paşinyan hökumətinin istefası tələbi ilə etiraz aksiyaları başlayıb.