Türkiyənin xarici işlər nazirliyi ABŞ-da prezident Ərdoğanın mühafizəçilərinə qarşı cinayət işinin açılmasına görə rəsmi Vaşinqtona etirazını bildirib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə nazirliyin yaydığı açıqlamada bildirilir.

“Qərəzli iddianamə və cinayət işinin açılmasına qəti şəkildə etiraz edirik”, bəyanatda deyilir. Bəyanatda qeyd olunub ki, Türkiyə nümayəndə heyətinin təhlükəsizliyi təmin olunmadığı halda, PKK tərəfdarları aksiya adı altında təxribatlara əl atıblar. "Bu barədə ABŞ-ın müvafiq qurumlarına dəfələrlə məlumat verilib", bəyanatda vurğulanıb.

Ötən gün rəsmi Vaşinqton ABŞ-da etirazçılara hücum etdiklərinə görə Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın mühafizəçilərinə qarşı ittiham irəli sürüb. Etirazçılarla mühafizəçilər arasında qarşıdurma R.T.Ərdoğanın mayda Vaşinqtona səfəri zamanı, Türkiyə səfirinin iqamətgahı qarşısında baş verib. Məlumata görə, ittiham, ümumilikdə, 19 nəfərə qarşı irəli sürülüb. Onlardan 15 nəfəri Türkiyə təhlükəsizlik xidmətlərinin əməkdaşlarıdır.

Leqal.info