İrəvandan səsləndirilən bəyanatlar Moskvanı hərəkətə gətirib

Ermənistanın inqilab ab-havası ilə çalxalandığı bir vaxtda ölkəmizlə sərhəddə təxribatlara, diversiyalara əl atması Azərbaycanın öz ayrılmaz hissəsi olan Qarabağın azad edilməsi uğrunda döyüşlərə başlayarsa, işğalçı Ermənistanla bütün sərhəd boyu döyüşəcəyinə bir mesajdır.


Gədəbəy, Tovuz, Qazax rayonları istiqamətində atəşkəs pozuntularının, diversiya cəhdlərinin artması, Rusiyanın 102-ci bazasının da döyüş əməliyyatlarına müdaxiləsi üçün Ermənistana əlverişli şərait yaradır.
Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ən fəal üzvüdür. Bu qurumun rəhbərliyinin təşkilatın yarandığı gündən Ermənistanı az qala öz mənzil qərargahına çevirməsi də çox mətləblərdən xəbər verir...

Ermənistan son vaxtlar diqqəti Azərbaycanla dövlət sərhədinə yönəltmək istəyir. Bütün bunlar son vaxtlar hakimiyyət uğrunda mübarizə aparan inqilab fonunda Ermənistan müxalifətinin ölkəmizin daha ciddi ziyan görəcəyi ilə hədələməsi ilə daha ciddi şəkil alır.

Müxalifət lideri, etiraz aksiyalarının təşkilatçısı Nikol Paşinyanın “Əslində aksiyalar Gümrü şəhərindən başlayıb. Bu rəmzi məna daşıyır” deməsi də ikimənalı qiymətləndirilə bilər. Erməni liderin ölkəsinin son ümid yeri və himayədarı olan Rusiyadan imtina yolu tutması o qədər də inandırıcı deyil.

Gümrünü xatırladanda inqilabın “səhra komandiri” Paşınyan yəqin ki, Ermənistan ərazisindəki böyük gücdən, 102-ci Rusiya hərbi bazasından səmərəli şəkildə yararlanmağa ehyam vurur.
Bu arada Rusiya mətbuatı Ermənistanda hakimiyyət dəyişikliyinin Rusiya ilə münasibətləri sual altında qoyduğundan danışır.

“Voyennoye obozreniye” portalında yayılan süjetdə Ermənistanın təhlükəsizliyinin bütövlüklə Rusiya ilə bağlı olduğu, həmçinin bu ölkənin də regionda Rusiyanın yeganə tərəfdaşı və dayaq nöqtəsi olduğu bildirilir.
102-ci bazanın Ermənistanda çıxarılmasının Qarabağ cəbhəsində müharibənin qızışacağına təkan verəcəyi deyilən reportaj və bu qəbildən olan materiallar da rəsmi İrəvana xəbərdarlıq xarakteri daşıyır.

Ermənistan tərəfinin ölkəmizə qarşı hədə-qorxu ilə müşahidə olunan narahatlığına gəldikdə isə bu, daha çox daxili çəkişmələr, iqtisadi böhran içində olan İrəvanın Azərbaycanın inkişafından, beynəlxalq tədbirlərin keçirildiyi ünvana çevrilməsi, hərbi gücümüzün artmasından yaranan qorxu reaksiyasıdır.

Ermənistan rəhbərliyinin ardıcıl olaraq Azərbaycanı böyük hərbi zərbələrlə hədələməsi həm də bu ölkənin region üçün nə qədər təhlükəli olduğunun göstəricisidir. (Real TV)

VİDEO