İyunun 24-də ümumi seçkilərdə seçilmiş Türkiyə Böyük Millət Məclisinin deputatları ilk iclasda and içdilər.

Trend-in məlumatına görə, ənənəyə uyğun olaraq, toplantıya ən yaşlı millət vəkili, "Yaxşı Partiya"nın üzvü Durmuş Yılmaz başçılıq etdi. Parlament sessiyasının açılışına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qatıldı. Seçilmiş 600 məclis üzvündən hər biri andın mətnini oxudu.

İqtidar Ədalət və İnkişaf Partiyasından spiker vəzifəsinə baş nazir Binali Yıldırımın namizədliyi irəli sürüldü. Xatırladaq ki, Türkiyənin prezident siyasi sisteminə keçidi ilə əlaqədar olaraq baş nazir vəzifəsi ləğv olunur. Spikerin seçilməsi parlamentin 12 iyul tarixində keçiriləcək növbəti toplantısında gözlənilir.

Xatırladaq ki, Türkiyə Mərkəzi Seçki Komissiyası ölkədə iyunun 24-də keçirilmiş prezident və parlament seçkilərinin yekun nəticələrinə əsasən, Ədalət və İnkişaf Partiyası (AKP) 42,56 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) 11,1 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 22,65 faiz, İYİ partiya 9,96 faiz, Xalq Demokratik Partiyası (HDP) 11,7 faiz, Səadət Partiyası (SP) 1,23 faiz, Vətən Partiyası (VP) 0,23 faiz səs toplayıb.

Beləliklə, parlamentdə AKP 295, MHP 49, CHP 146, İYİ partiyası 43, HDP 67 millət vəkili ilə təmsil olunacaq. SP və VP parlamentdə təmsil olunmayacaq.

Prezident seçkilərinə gəldikdə isə Rəcəb Tayyib Ərdoğan 52,59 faiz, Muharrem İncə 30,64 faiz, Meral Akşener 7,29 faiz, Səlahəddin Demirtaş 8,4 faiz, Təməl Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,2 faiz səs toplayıb.

Qeyd edək ki, R.T.Ərdoğanın andiçmə mərasimi iyulun 9-da keçiriləcək.