Ukrayna Ali Radasının birinci vitse-spikeri İrina Qeraşenko ölkədə prezident seçkilərinin ikinci turunda iştirak edən Vladimir Zelenskiyə qarşı cinayət işinin açılmasını tələb edib.

Leqal.info "Report"a istinadən xəbər verir ki, bu barədə İrina Qeraşenko özünün sosial şəbəkədəki səhifəsində yazıb. O, qeyd edib ki, Zelenski çəkildiyi filmdə əlilləri "daunlar", "oliqofrenlər"(Fərdin dərketmə fəaliyyətinin pozulması- red) adlandıraraq onları təhqir edib.

"Biz nifrət və düşmənçilik dilinin yolverilməz olduğu tolerant, avropayönümlü Ukrayna dövləti qururuq. Belə zarafat sivil cəmiyyətdə mümkün deyil. Tibbi terminlərin bu cür işlədilməsi insan ləyaqətini alçaldır, təhqir edir"- deyə o bildirib.

Onun sözlərinə görə, artıq Zelenskinin sözlərinə hüquqi qiymət verilməsi üçün bir sıra instansiyalara göndərilməsi üçün sorğu hazırlanıb. Birinci vitse-spiker həmçinin Ukraynanın daxili işlər naziri Arsen Avakova Vladimir Zelenskiyə qarşı cinayət işinin qaldırılması tələbi ilə müraciət etmək niyyətində olduğunu açıqlayıb.