"Belarus balanslaşdırılmış xarici siyasət yeridərək dünyada məhəlli münaqişələrin yaranması və vüsət almasının qəti əleyhinədir".

“Leqal.info” xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko "Anadolu" agentliyinə müsahibəsində bildirib.

O, Ukrayna, Suriya, Venesuela və ya dünyanın başqa yerlərində münaqişə ocaqlarının məhz kiminsə marğında olduğu üçün yarandığını qeyd edib: “Mənim fikrimcə, bu kimi münaqişələr təbii sərvətlərlə zəngin, dünya xəritəsində mühüm geosiyasi mövqeyə malik ölkələrdə yaradılır. Deməli, həmin sərvətlərdə kimlərinsə gözü var, kimlərsə o mühüm geostrateji mövqe tutan ölkələri təsiri altına almaq istəyir”, - deyən dövlət başçısı bu kimi münaqişələrdə maraqlı olmadıqlarını vurğulayaraq dünyanın böyük aktorlarını hər yerdə nifaq salmaqda ittiham edib: “Bu nəhəng aktorların hər biri müəyyən məqsədlər güdür. İlk növbədə, öz məqsədlərinə “ayır buyur” siyasəti vasitəsilə çatmağa çalışırlar”.

“Bizə bütün bu münaqişələr heç bir baxımdan lazım deyil. Biz tarazlı, şaxələndirilən siyasət yeridirik. Qərbdə də, Şərqdə də sülh istəyirik”, - dövlət başçısı fikrini tamamlayıb.