Moskva Hərbi Dairə Məhkəməsi Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) keçmiş zabiti Dmitri Dokuçayevi 6 il müddətinə azadlıqdan məhrum edib.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, o, dövlətə xəyanətdə təqsirli bilinib.

Məhkəmənin qərarına əsasən, D.Dokuçayev mayor rütbəsindən də məhrum olunub.

2017-ci ilin yanvarında “Şaltay-Boltay” haker qruplaşmasının cinayət işi üzrə Federal Təhlükəsizlik Xidmətinin zabitləri - Xüsusi xidmətin informasiya təhlükəsizliyi mərkəzinin rəhbəri Sergey Mixaylov, onun müavini Dmtri Dokuçayev və adı açıqlanmayan daha bir əməkdaşı həbs edilib. Onlar və “Kaspersk laboratoriyası”nın keçmiş əməkdaşı Ruslan Stoyanov ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əməkdaşlıqda ittiham olunublar.

S.Mixaylov 22 il, R.Stoyanov isə 14 il müddətinə azadlıqdan məhrum olunublar. Onların məhkəməsi 2018-ci ilin fevralında başa çatıb.

Cinayət işi “məxfi” qrifli olduğundan onun detalları məlum deyil. Bununla belə, zabitlərin ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə məxfi məlumatlar ötürdükləri ehtimal edilir.