Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) iki əməkdaşı sahibkarın maliyyə vəsaitini mənimsəməkdə iştirakda şübhəli bilinərək həbs olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin İctimaiyyətlə əlaqələr mərkəzi məlumat yayıb.

Bildirilib ki, FTX əməkdaşları ilə bağlı sənədlər hərbi istintaq orqanlarına təhvil verilib. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, cari ilin aprelində Rusiya Federal Təhlükəsizlik Xidmətinin bölmələrindən birinin rəisi, polkovnik Kirill Çerkalin və onun tabeliyində olan iki keçmiş əməkdaş iri məbləğdə rüşvət almaqda şübhəli bilinərək tutulublar. Kirill Çerkalin 850 min dollar məbləğində rüşvət almaqda təqsirli bilinir.