Bu gün kütləvi informasiya vasitələrində ölüm xəbəri yayılan Türkmənistan Prezidenti Qurbanqulı Berdimuhammedov Səhiyyə və tibb sənayesi işçiləri günü münasibəti ilə ölkənin tibb işçilərini təbrik edib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, o, öz təbrik məktubunda ölkə səhiyyəsində qazanılan uğurları qeyd edib.

Bildirib ki, hazırda ölkə üzrə səhiyyə sisteminin Ümumdünya Səhiyyə Təşkilatının standartlarına uyğun təkmilləşdirilməsi üzrə işlər uğurla həyata keçirilir.

"Xüsusilə ana və uşaqların sağlamlığı və qorunması təmin edilib, bir sıra yoluxucu xəstəliklər tamamilə aradan qaldırılıb, sağlam həyat tərzi prinsipi tətbiq olunub", - deyə prezident məktubunda bildirib.

***19:24

Türkmənistanın Rusiyadakı səfirliyi ölkə prezidenti Qurbanqulı Berdimuhammedin vəfat etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

“Report” TASS-a istinadən xəbər verir ki, Moskvadakı diplomatik missiyanın nümayəndəsi məlumatı təkzib edib.

"Bu tamamilə yalandır", — deyə agentliyin həmsöhbəti bildirib.