Ağstafa rayonunda baş verən güllələnmə hadisəsi ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə "Leqal.info"ya Baş Prokurorluğun Mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov məlumat verib.

O qeyd edib ki, oktyabrın 31-i Ağstafa rayonu ərazisində Yusif Əlləcov və Qalib Məmmədovun odlu silahdan açılan atəş nəticəsində aldıqları xəsarətlə müalicə müəssisəsinə yerləşdirilmələri faktı ilə bağlı daxil olmuş məlumat əsasında dərhal polis və prokurorluq əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

İlkin istintaqla hadisənin 1989-cu il təvəllüdlü, Ağstafa rayon sakini Sərxan Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində odlu silahdan istifadə etməklə törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Hazırda təqsirli şəxslərin dairəsinin tam müəyyənləşdirilərək istintaqa cəlb edilməsi, eləcə də iş üzrə əhəmiyyət kəsb edən sübutların əldə edilməsi istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

K.Zeynalov bildirib ki, S.Məmmədov artıq istintaqa cəlb edilib.