Ağdaş, 15 iyul, Şahnəzər Bəşirov,


Ümummilli lider Heydər Əliyevin 1969-cu il iyulun 14-də Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 48-ci ildönümü Ağdaş rayonunda qeyd edilib.

Leqal.info xəbər verir ki, rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində keçirilən tədbirdən öncə ictimaiyyət nümayəndələri Ulu Öndərin xatirəsini ehtiramla yad edərək, abidəsi önünə gül dəstələri düzüblər.

Tədbirdə çıxış edənlər bildiriblər ki, Ümummilli Liderin apardığı islahatlar nəticəsində Azərbaycan SSRİ-də 1969-1982-ci illərdə aqrar ölkədən hərtərəfli inkişaf edən sənaye ölkəsinə çevrilib, keçmiş müttəfiq respublikalar arasında öncüllər sırasında yer tutub. Ölkəmizin müstəqilliyinin ilk illərində - 1993-cü il iyunun 15-də Heydər Əliyevin xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdışı isə Azərbaycanı parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas edib.

Qeyd olunub ki, Heydər Əliyevin respublikaya rəhbərliyinin bütün dövrlərində Ağdaş rayonunun iqtisadiyyatı sürətlə inkişaf edib, onlarla sənaye obyektləri, emal müəssisələri işə düşüb, rayon ərazisində yüzlərlə kilometr yollara asfalt örtük döşənib, müasir tipli təhsil, səhiyyə və mədəniyyət ocaqları, yeni yaşayış binaları tikilib, rayon mərkəzi, qəsəbə və kəndlərin işıq, qaz və su təchizatı ilə bağlı problemlərinin həllində böyük dönüşə nail olunub. Ulu Öndər respublikaya rəhbərliyinin 23 ili ərzində Ağdaş rayonuna 5 dəfə səfər edib, onunla keçirilən unudulmaz görüşlər ağdaşlıların yaddaşında silinməz izlər buraxmaqla, bu gün də məmnunluqla xatırlanır.

Tədbirdə qeyd olunub ki, Ümummilli Lider təkrar siyasi hakimiyyətə qayıdışından sonra xalqına firavan, dinamik inkişaf edən bir dövlət miras qoyub, onun böyük quruculuq missiyası və dövlətçilik ənənələri hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Heydər Əliyevin Ağdaşa hər səfəri rayon sakinlərinin yaddaşında silinməz izlər buraxıb
Heydər Əliyevin Ağdaşa hər səfəri rayon sakinlərinin yaddaşında silinməz izlər buraxıb