Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Nicat Əliyev, Anar İsmayılov, Ceyhun İbayev, Vüqar Əsədov və Vüqar Güləliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Leqal.info-nun APA-ya istinadən xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə bəzi şahidlərin məhkəməyə gəlmədiyi məlum olub.

Hakim Fikrət Qəribov bildirib ki, şahidlər haqqında məcburi gətirilmə haqqında qərar çıxarılıb.

Buna görə proses oktyabrın 27-dək təxirə salınıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər zərərçəkmiş Səriyyə Tahirovanın həyat yoldaşını həbsdən azad edəcəklərini deyərək, qadının 147 min manat pulunu dələduzluq yolu ilə ələ keçiriblər.
İş üzrə bir nəşə zərərçəkmiş şəxs tanınıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq; külli miqdarda törəldildikdə) maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, V.Güləliyev ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) sabiq polkovniki olub.