Qubada itkin düşən “Gilavar” - hava və ekstrim idman klubunun üzvlərindən biri Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşıdır.

Leqal.info-nun APA-ya istinadən məlumatına görə, polis leytenantı Babur Hüseynov daxili işlər orqanında işə qəbul olunmazdan əvvəl də alpinistliklə məşğul olurmuş. O, xidmətdən kənar vaxtı-istirahət günündə iki alpinist yoldaşı ilə birlikdə Quba rayonuna gedib və dağlarda olan pis hava şəraitində itkin düşüb.

Alpinistlərin yerinin müəyyən edilərək xilas olunmaları üçün FHN, Sərhəd Xidməti, ETSN və digər aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri axtarış-xilasetmə tədbirləri həyata keçirilir.

DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun alpinistləri Hüseynov Babur Vaqif oğlu, Bünyatzadə Namin Nizami oğlu, Cəbrayılzadə Fəridə Cəbiyulla qızı dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxıb və onlarla əlaqə kəsilib. FHN-in Aviasiya dəstəsi axtarışlara başlayıb.