Ölkədə nəqliyyat sistemimin yaxşılaşdırılması istiqamətində mütəmadi olaraq işlər görülsə də yenə də bəzi sürücülər qaydaları pozmağa davam edir.

Ötən gün 38 saylı marşrut avtobusunun Ağa Nemətulla küçəsindən Arif Heydərov küçəsinə doğru hərəkəti zamanı sərnişinlərin və digər hərəkət iştirakçılarının həyatını təhlükəyə ataraq yol hərəkət qaydalarını kobud pozması ilə bağlı xəbər vermişdik. Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi və Bakı Nəqliyyat Agentliyinin rəsmiləri Modern.az-a danışıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki,həmin ərazidə kameralar var.

“Təbii ki, gün ərzində kim həmin tələbləri pozursa onların barəsində tədbirlərin görülməsi üçün elektron protokollar yazılır və ünvanlarına bildirişlər gedir. Əgər onlar bir dəfə cərimələnsə bu qayda pozuntusunu təkrarlamaz. Sürücülər başa düşməlidir ki, onların etdiyi kiçik bir səhv böyük faciələrə səbəb ola bilər. Amma təəssüf ki, bəzi sürücülər ancaq cərimələ olunduqdan sonra qaydalara riayət etməyə başlayırlar”.


Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri
Mais Ağayev deyib ki, hər bir avtobusun özünün hərəkət sxemi var.Və bu hərəkət sxemi hazırlanarkən yol hərəkəti qaydaları, yol təhlükəsizliyi ilə bağlı bütün məsələlər nəzərə alınır.

“Hər hansı bir avtobus sürücüsü bu sxemindən çıxırsa, yol hərəkəti qaydalarını pozursa onunla bağlı tədbirlər görülməlidir. Bu yaxınlarda “BakuBus”a verilən 17 nömrəli marşrut xətti ilə bağlı problem yaranmışdı. 17 nömrəli marşrut xətti üzrə hərəkət sxemindən yayınIrdılar, bunun nəticəsində də qayda pozuntusu etməklə dönmə əməliyyatı həyata keçirirdilər.

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq bu hal aradan qaldırılmırdı. Və sonra elə oldu ki, həmin marşrut xətti daşıyıcı ilə marşrut xəttinin müvəqqəti istismarına dair imzalanmış müqaviləyə xitam verildi. Təbii ki, bu sürücüsü qaydaları pozan digər daşıyıcılara da dərs olmalıdır, bundan nəticə çıxarmalıdırlar.

Əgər 38 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar bu cür hallara yol verirlərsə, marşrut xəttindən, müəyyən olunmuş sxemdən çıxırlarsa və bu, kobud qayda pozuntusu ilə nəticələnirsə təbii ki, onlar haqqında da analoji addım atılacaq. Videodan göründüyü kimi burada iki qayda pozulub. Birincisi agentlik tərəfindən müəyyən olunmuş hərəkət sxemindən yayınmaq, ikincisi isə sərnişinlərin həyatını təhlükəyə ataraq kobud qayda pozuntusu. Təbii ki, bununla bağlı agentlik tərəfindən müvafiq tədbirlər görüləcək”.

Leqal.info

VİDEO