Gəncə şəhərində qanlı hadisələrin dini şüarlar altında törədilməsi İslam dininə qarşı ən böyük cinayətdir.

Bunu Trend-ə Ombudsman Aparatının rəhbəri, hüquq uzrə fəlsəfə doktoru Aydın Səfixanlı deyib.

Onun sözlərinə görə, Azərbaycanda milliyyətindən, dinindən, etnik və digər mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin hüquq və azadlıqları bərabər səviyyədə qorunur. Hər bir kəsə öz dini inanclarını həyata keçirmək üçün bərabər imkanlar yaradılır.

A.Səfixanlı qeyd edib ki, xalqımızın çoxəsrlik tolerant və mehriban birgə yaşama mədəniyyəti dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında, o cümlədən mədəni hüquqların daha səmərəli təmin olunmasında nümunə kimi göstərilir:

"Azərbaycan dövləti və xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir. Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuş, İslam Həmrəyliyi Oyunları keçirilmiş, Bakı və Naxçıvan İslam mədəniyyətinin paytaxt şəhərləri seçilmiş və İslam Əməkdaşlıq Təşkilatı Azərbaycanda dini sahədə görülən işlərə hər zaman ən yüksək qiymət vermişdir. Təbii ki, məhz bu məntiqdən çıxış edərək Azərbaycan Prezidenti cənab İlham Əliyev respublikanın hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda düzgün olaraq bəyan etdi ki, 3 və 10 iyul tarixlərində Gəncə şəhərində qanlı cinayətlərin dini şüarlar altında törədilməsi öz-özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh, mərhəmət dinidir".

A.Səfixanlı bildirib ki, Azərbaycanın artıq regional səviyyədə deyil, qlobal miqyasda də təşəbbüslərlə çıxış edərək dünya sivilizasiyaları arasındakı münasibətlərdə tətbiq olunacaq siyasətin formalaşdırılması prosesində iştirakı bəzi qaragüruhçu qüvvələri nahat etməkdədir və bu səbəbdən ölkəmizə qarşı təzyiqlər edilməsinə, müxtəlif təxribatlar törədilməsinə cəhd edilir:

"Lakin Cənab Prezidentin qeyd etdiyi kimi, heç kim bizi tutduğumuz yoldan döndərə bilməz və bizim siyasi iradəmizə heç bir qüvvə təsir edə bilməz".

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.