Bir neçə gün öncə sabiq millət vəkili Gülər Əhmədovanın oğlu Əkbərin toy mərasimi keçirildi. Toy mərasimində ölkənin tanınmış ictimai xadimləri, millət vəkillər iştirak ediblər.

Açıqlamasında G.Əhmədova övladının xoş günüylə bağlı öz təəssüratlarını bölüşüb:

“Bu ilk övlad toyumuz idi və fürsətdən istifadə edib bütün gənclərimizə xoşbəxtlik arzu edirəm. Toyu həmişə bir ailənin şadlığı və eyni zamanda bir vətəndaşın xoş günü kimi qeyd etməyə üstünlük vermişəm. Ona görə də Əkbərin toyunda vətənpərvərlik mövzusunda olan mahnılara çox geniş yer verildi. Bu mənim özümün də ürəyimcə oldu. Onlardan sözləri mənə məxsus olan “Bayraq” mahnısını müğənni Mətanət xanım İsgəndərli ifa etdi. Bundan başqa Tünzalə xanım Ağayeva “Mən sevinirəm ki, azərbaycanlıyam” mahnısını ifa etdi. Oğlumun toyunu bir Azərbaycan vətəndaşının, gəncinin xoş günü kimi qeyd etdik”.

G.Əhmədova övlad toyunda onu tək qoymayan həmkar və dostlarına da minnətdarlıq edib:

“Bu xoş günümüzdə bizi tək qoymayan bütün dostlarıma, həmkarlarıma, media və ictimaiyyət nümayəndələrinə də təşəkkür edirəm. Allahdan arzum budur ki, bütün valideynlər övladlarının xoş gününə şahidlik etsinlər”. (Moderator.az)