Nazir Ceyhun Bayramov Cəbrayıl rayon Qovşudlu kənd orta məktəbinin yeni binaya köçürülməsi üçün niyə tədbir görmək istəmir?

Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm amil dövlət siyasətinin mühüm
strateji istiqamətlərindən biri və bəlkə də ən başlıcasıdır. Əlbəttə ki, görülən bu işlər və qarşıya qoyulan strateji hədəflər Azərbaycan təhsilinin parlaq gələcəyindən xəbəb verir. Bu isə onu
deməyə əsas verir ki, təhsil sahəsində əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatlar bu gün Prezident İlham Əliyev
tərəfindən yeni mərhələdə və yeni keyfiyyətdə uğurla davam etdirilir və bu sahədə atılan genişmiqyaslı addımlar ölkəmizdə savadlı, istedadlı gənc nəslin yetişməsinə, təhsilin böyük nailiyyətlər əldə etməsinə və nəhayət etibarilə, Azərbaycan dövlətinin sürətli inkişafında əsaslı baza rolunu oynayır. Bir sözlə, dövlətin təhsil sisteminin inkişafı prosesinə mütəmadi və yüksəksəviyyəli diqqətinin nəticəsində bu sektor da keyfiyyətcə yeni və ardıcıl inkişaf müstəvisinə qədəm qoyub. Beləliklə, Azərbaycan təhsili özünün yüksək inkişaf dövrünü yaşayır. Təhsilin inkişafı ilə bağlı dövlət başçısının təsdiq etdiyi müvafiq dövlət
proqramları hazırda Azərbaycan hökuməti tərəfindən uğurla icra edilir. Bu proqramlar orta məktəblərdə kurikulum, təhsil sisteminin
informasiyalaşdırılması, texniki peşə təhsili, Azərbaycanın ali təhsil sisteminin Avropa təhsil məkanına inteqrasiyasını və s. sahələri əhatə
edir. Bu gün məhz Ulu öndər Heydər Əliyevin miras qoyduğu, özündə yüksək norma və dəyərlər sistemini ehtiva edən ənənələr Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının yüksək diqqəti və effektiv göstərişləri əsasında atılan addımlar, icra edilən
dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin əldə edilməsinə, yüksək nəticələrin qazanılmasına xidmət edir. Bu da, şübhəsiz, ölkəmizin milli kadr potensialının kəmiyyət və keyfiyyət baxımından yetişdirilməsi və təkmilləşdirilməsi işinə mühüm töhfələr verir. Onu da qeyd etmək lazımdır ki, cənab prezidentin diqqət və qayğısı nəticəsində son illər həm Bakıda, həm də ölkənin digər rayon və şəhərlərində yüzlərlə məktəb binası əsaslı şəkildə təmir edilərək şagird-müəllim kollektivinin istifadəsinə verilib. Lakin dərin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bu gün, yəni 21-ci əsrdə hələ də təhsil üçün normal şəraiti olmayan məktəblər mövcuddur. Həmin təhsil müəssisələri arasında Cəbrayıl rayon Qovşudlu kənd tam orta məktəbini xüsusi “fərqləndirmək” lazımdır. Mətləbə keçməmişdən əvvəl bildirmək istəyirik ki, bu məktəb Binəqədi rayonu 7 mikrorayon 3126-cı məhəllədə yerləşir. Sözügedən orta məktəb vaqon kupelərində fəaliyyət göstərir. Bəli düz eşitdiniz.
21-ci əsrdə yaşamağımıza baxmayaraq, hələ də vaqon kupelərində fəaliyyət göstərən məktəblər mövcuddur. Leqal.info-ya daxil olan məlumatlarda bildirilir ki, məktəbin fəaliyyət
göstərdiyi ərazi dörd bir tərəfdən bahalı villalarla əhatə olunub. Məlumata görə, vaqon kupelərində heç bir şəraiti olmayan bu “məktəb” hansısa şəxslərin maraqlarına xidmət edir. Əgər söhbət təhsilimizin inkişafından gedirsə, onda bu məktəb kimə və nəyə lazımdır? Bu suala Təhsil Nazirliyinin rəhbərliyi də daxil olmaqla Cəbrayıl rayon İcra Hakimiyyətinin məsul şəxsləri cavab verməlidir. Çox güman ki, təhsil naziri Ceyhun Bayramovun vaqon məktəbdən xəbəri yoxdur. Görünür, hansısa maraqlı şəxslər bu məktəbə yeni binanın lazım olması ilə bağlı cənab naziri məlumatlandırmırlar. Biz isə hörmətli Ceyhun müəllimin diqqətinə çatdırmaq istəyirik ki, bu vaqon məktəbin bu cür şəraitsiz şəkildə fəaliyyət göstərməsi məktəb rəhbərliyi ilə yanaşı, bəzi vəzifəli şəxslərə necə deyərlər sərf edir. Əldə etdiyimiz məlumatlarda bildirilir, məcburi köçkün məktəbində “ölü can”ların saxlanması ehtimalı çox yüksəkdir. Ki, Təhsil Nazirliyinin əlaqədar şəxsləri qısa araşdsrma aparıb bu faktın üstünü aça bilərlər. Bundan başqa, məktəbdə adı jurnalda olan özü isə dərsə gəlməyən şagirdlərlə bağlı da iddialar var: “Belə ki, direktor ali məktəblərə repetitor yanında hazırlaşan şagirdlərin adını nəyinsə müqabilində məktəbə yazdırıb onların dərslərdə iştirak etməməsinə göz yumur. Bununla da yuxarı siniflərdə dərsə davamiyyət aşağı düşür. Məktəbin hazırkı rəhbər heyəti neçə illərdir ki, məhz bu üsulla işləyir. Nazirlikdən gələn yoxlamaları isə hansısa vasitələrlə susdurmağı bacarıblar”. Məlumatda qeyd alan məqamlardan biri də vaqon məktəbdə dərslərin keyfiyyəti ilə bağlıdır. Adının çəkilməsini istəməyən valideynlər deyir ki, məktəbdə keyfiyyətli təhsildən söhbət belə gedə bilməz: “Vaqonda keçirilən dərslərdən nə keyfiyyət gözləmək olar? Uşaqlarımız savadsız böyüyür. Biz təhsil nazirindən bu məktəbə baş çəkib mövcud vəziyyəti özünün müşahidə etməsini xahiş edirik. Neçə illərdir ki, bizim səsimizi eşidən yoxdur. Amma bu qədər bəsdir, daha səbr edə bilmirik. Biz də istəyirik ki, övladlarımız digər şagirdlər kimi normal təmirli
məktəbdə dərs keçsin. İcra başçısı Kamal müəllim niyə gəlib burdakı vəziyyətlə maraqlanmır? Dərdimizi kimə deyək, kimdən kömək istəyək? Xahiş edirik ki, etirazımızı işıqlandırın, bəlkə
bundan sonra nəysə bir tədbir görülər. İstəyimiz odur ki, məktəb üçün yeni bina tikilsin, hamı kimi bizim də övladlarımız rahat şəraitdə təhsil alsın. Qarşıdan payız, qış gəlir. Yağan yağış və
qarın hamısı vaqonun içərisinə dolur. İstilik sistemləri yoxdur, uşaqlarımız soyuqdan dərsdə otura bilmir ”.

Vaqon kupelərində fəaliyyət göstərən Cəbrayıl rayon Qovşudlu kənd orta məktəbində cərəyan edən qanunsuzluqlarla bağlı digər iddialar da var. Lakin müəyyən dəqiqləşdirmə və araşdırmalarımız
davam etdiyindən həmin məlumatlar haqda məlumat verə bilmirik.
Biz isə ümid edirik ki, təhsildə islahatlar aparmağı qarşısına məqsəd qoyan nazir Ceyhun Bayramov, eləcə də Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov dərhal sözügedən vaqon məktəbə baş çəkib bu təhsil ocağının yeni binaya
köçürülməsi ilə bağlı təxirəsalınmaz tədbir görəcəklər.

Mövzunu diqqətdə saxlayacağıq.
Vaqon kupelərində fəaliyyət göstərən məktəblə bağlı
Vaqon kupelərində fəaliyyət göstərən məktəblə bağlı
Vaqon kupelərində fəaliyyət göstərən məktəblə bağlı
Vaqon kupelərində fəaliyyət göstərən məktəblə bağlı
Vaqon kupelərində fəaliyyət göstərən məktəblə bağlı
Vaqon kupelərində fəaliyyət göstərən məktəblə bağlı