Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən, mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, hakim Mirheydər Zeynalovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən O.Nadirovun vəkili Hüseyn Eynullayev deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs tərəfindən zərərçəkmişə dəyən ziyan tam şəkildə ödənilib.

O.Nadirov əməlindən peşman olduğunu bildirib.

Məhkəmənin hökmünə əsasən O.Nadirov barəsində şərti cəza seçilib və o, 1000 manat cərimə olunaraq məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, O.Nadirov dostu Kamran İsayevlə birlikdə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşları üçün iş icazəsi almaq adı ilə dələduzluq edib. O.Nadirov bu adla Bakıda fəaliyyət göstərən şirkətlərdən birinin rəhbəri Əli Muradovdan 11 min 960 manat pul alıb. Lakin verdiyi vədə əməl etməyib. Hər iki şəxsə qarşı Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq: xeyli miqdarda törədildikdə) maddəsi ilə cinayət işi açılıb. Qeyd edək ki, O.Nadirov bu iş üzrə məhkəməyə gəlmədiyi üçün Binəqədi Rayon Məhkəməsi onun barəsində axtarış qərarı çıxarıb. Oktyabrın 5-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tutulub. O, artıq Bakı İstintaq Təcridxanasına köçürülüb. Orxan Nadirovun adı daha əvvəl də dələduzluq əməlində hallanıb. O.Nadirov ötən il də dələduzluq faktına görə həbs edilib, lakin sonradan azadlığa buraxılıb.