Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xalq artisti, aktrisa Leyla Şıxlinskayanın rəhbərlik etdiyi “Leyla Şıxlinskaya” klinikasının külli miqdarda pulunu mənimsəməkdə təqsirləndirilən klinikanın sabiq işçiləri - baş mühasib Şəhla Abbasova, Səkinə Qasımova, Aytən Hüseynova, Mədinə Hüseyeva, Yelena Abdullayeva və digərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Leqal.info-nun Trend-ə istinadən məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, zərərçəkmiş L.Şıxlinskaya özünə yeni vəkil tutub.

Yeni vəkil cinayət işinin materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Proses yanvarın 11-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə, külli miqdarda) maddələri ilə ittiham olunurlar.

Klinikanın keçmiş işçiləri Leyla Şıxlinskayanın hüquq-mühafizə orqanlarına dörd il əvvəlki şikayəti əsasında cinayət məsuliyyətinə cəlb olunublar.

Xalq artisti onları klinikanın kassasından 700 min manatlıq mənimsəmədə günahlandırır.