Bu gün UEFA Çempionlar Liqasının 1/4 final və yarımfinal mərhələlərinin püşkü atılacaq.

"Leqal.info" xəbər verir ki, Avropa futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Prosedura əsasən, komandalar “səpələnmişlər” və “səpələnməmişlər”ə bölünməyəcəklər. Bir ölkəni təmsil edən kollektivlər bir-birləri ilə düşə bilərlər. Digər məhdudiyyətlərlə bağlı püşk ərəfəsində məlumat veriləcək.

İngiltərə təmsilçiləri “Mançester Siti” və “Mançester Yunayted” ev oyunlarını eyni və yaxın günlərdə keçirə bilməzlər. UEFA-nın Yarışların Təşkili Komitəsinin qaydalarına əsasən, ötən mövsüm milli çempionatda daha aşağı pillədə finiş edən komanda, yəni “Mançester Yunayted” həmin oyunu səfərdə keçirməli olacaq. Belə olan halda, yarımfinal matçlarının təqvimi 1/4 finaldan sonra təsdiqlənəcək.

İnzibati məsələlərlə əlaqədar olaraq, mərasimdə finalda nominal ev sahib olacaq komandanı müəyyənləşdirmək üçün də püşk atılacaq.

1/4 final mərhələsinin iştirakçıları

“Ayaks” (Hollandiya)

“Barselona” (İspaniya)

“Yuventus” (İtaliya)

“Liverpul” (İngiltərə)

“Mançester Siti” (İngiltərə)

“Mançester Yunayted” (İngiltərə)

“Portu” (Portuqaliya)

“Tottenhem” (İngiltərə)

Qeyd edək ki, 1/4 finalın oyunları 9-10 və 16-17 apreldə keçiriləcək. Yarımfianl görüşləri 30 aprel–1 may və 7-8 mayda olacaq. Final matçı isə iyunun 1-də İspaniyanın paytaxtı Madriddəki “Metropolitano” statdionunda baş tutacaq.