“Azərbaycanın əldə etdiyi iqtisadi nəticə dünya miqyasında rekord göstəricidir”.

“Leqal.info” xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakının Suraxanı, Yasamal və Xətai rayonlarının, eləcə də Şirvan şəhərinin yeni icra başçıları ilə görüşündə deyib.

“15 il ərzində - 2003-2018-ci illərdə bizim iqtisadiyyatımız 3 dəfədən çox artıb. Bütün digər göstəricilər onu təsdiq edir ki, iqtisadi artım, eyni zamanda, vətəndaşların sosial təminatına da müsbət təsir göstərib. Beləliklə, Azərbaycanda yoxsulluq təxminən 50%-dən 5%-ə düşüb. Xarici dövlət borcu ən aşağı səviyyədədir, ümumi daxili məhsulun cəmi 17%-ni təşkil edir və bu göstəriciyə görə biz dünya miqyasında 9-cu yerdəyik”, - deyə o qeyd edib.

Bundan başqa, dövlət başçısının sözlərinə görə, Azərbaycanda böyük infrastruktur layihələri icra edilib və bu gün ölkədə qazlaşdırmanın səviyyəsi 96%-dir: “Elektrik enerjisinin əlçatanlıq əmsalına görə Davos Ümumdünya İqtisadi Forumu Azərbaycanı dünya miqyasında 2-ci yerə layiq görüb. Bu, çox böyük nailiyyətdir. Yolların tikintisi - 15 ildə 15 min kilometr yol çəkilib, o cümlədən magistral, şəhərlərarası, kənd yolları çəkilib. Digər infrastruktur layihələri, o cümlədən sosial infrastrukturla bağlı layihələr uğurla icra edilib, 3 200-dən çox məktəb, 640-dan çox tibb müəssisəsi tikilib, yenidən qurulub, yaxud da ki, təmir edilib. Yəni əldə edilmiş bütün bu nəticələri sadalamaq üçün saatlarla vaxt lazım olacaq”.

Prezident həmçinin texnoloji inkişaf istiqamətində böyük uğurların əldə edildiyini bildirib: “Azərbaycan indi kosmik klubun üzvüdür, üç peykimiz var. Deyə bilərəm ki, bu yaxınlarda çox gərgin yarış nəticəsində Azərbaycan 2022-ci ildə Dünya Astronavtika Konqresinə ev sahibliyi edəcək. Məlumat üçün bildirmək istəyirəm ki, bizim rəqiblərimiz Rio-de-Janeyro, Dehli və Sinqapur şəhərləri idi. Yəni bu şəhərlərin nə qədər inkişaf etmiş şəhərlər olması haqqında əlavə sözlərə ehtiyac yoxdur. Azərbaycan bu yarışda da qalib gəldi. Nəyin hesabına? Ona görə ki, dünya miqyasında bizim siyasətimizə çox böyük dəstək var, rəğbət var. Bizim sözümüzlə əməlimiz birdir. Azərbaycan dünya miqyasında özünü çox məsuliyyətli ölkə kimi artıq təsdiqləyibdir”.