Pərvin Mahmudov: «Bizim yeganə məqsədimiz şəffaf, ədalətli seçkiyə nail olmaqdır»

31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa gənc namizəd, jurnalist Pərvin Mahmudov prezident İlham Əliyevə müraciət edib. Müraciəti olduğu kimi diqqətinizə çatdırırıq. Müraciətdə deyilir:

Cənab Prezident !

Sizin siyasi iradəniz və təşəbbüsünüzlə ölkəmizdə həyata keçirilən ciddi siyasi islahatlar cəmiyyətimizdə böyük ümidlər yaradıb. Gənclərə göstərdiyiniz etimad və dəstək biz gəncləri dövlətimizin quruculuğunda yaxından iştirak etməyə ruhlandırıb.
Möhtərəm Prezident !
Sizin çağırışlarınızdan ruhlanan gənclər müasir dövlətimizin quruculuğunda iştirak etmək üçün seçkilərdə fəal olmağa, seçib-seçilmək hüququndan istifadə etməyə qərar veriblər.
Belə gənclərdən biri olaraq, gənc jurnalist kimi mən də növbədənkənar parlament seçkilərində iştirak edirəm.
Və seçki prosedurlarının bütün mərhələlərini uğurla keçərək hazırda təbliğat və təşviqat kampaniyasını aparırıq.
Çalışırıq ki, əhali arasında seçkiyə olan passiv münasibəti aradan qaldıraq, insanların seçkidə fəal iştirakına nail olaq.
Buna xeyli dərəcədə nail olmuşuq.
Ancaq son vaxtlar mənim də iştirak etdiyim 31 saylı Suraxanı İkinci Seçki Dairəsində müəyyən neqativ hallar baş verir, hətta bu barədə hüquq-mühafizə orqanlarına müraciətlər də var. Bu isə vətəndaşlarda seçkiyə olan inamı sarsıdır.
Məhz bu səbəbdən Sizə müraciət edirəm, cənab Prezident !
Bizim yeganə məqsədimiz şəffaf, ədalətli seçkiyə nail olmaqdır.
Mən və tərəfdarlarım Sizdən xahiş edirik ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindəki neqativ halların aradan qaldırılmasında biz gənclərə yardımçı olasınız.
Biz Sizə güvənirik, cənab Prezident !

Hörmətlə 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Pərvin Mahmudov