Dəyərli oxucular, bildiyiniz kimi bu il Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illik yubileyi qeyd edilir. Yubiley çərçivəsində UNEC-in 24/7 Kitabxanasının müdiri Arzu Məmmədova ömrünün 52 ilini Azərbaycan Dövlət İqtisad Universitetinin kitabxanasına həsr etmiş Qubaxanım Həsənova haqqında fikirlərini bizimlə bölüşdü. Həmin fikirləri Sizlərə təqdim edirik:

“Azərbaycan Dövlət İqtisad Universiteti kitabxanasının inkişafı tarixində danılmaz rolu olan şəxslərdən biri Qubaxanım Həsənovadır.

Qubaxanım Həsənova əmək fəaliyyətinə 1966-cı ildə universitetin Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu adı ilə bərpa olunaraq fəaliyyətinə davam etdiyi dövrdə başlamışdır. Məhz bu illər kitabxananın yenidən təşkil edildiyi, elmi fondunun formalaşdığı dönəm idi. Həmin illəri Qubaxanım müəllimə belə xatırlayır: “Bizə tapşırılmışdı ki, tez bir zamanda kitabxananı yenidən quraq, tələbələrə kitablar, dərsliklər lazım idi. Ona görə səhərdən axşamadək işləyirdik. Azərbaycan Dövlət Universitetinın Elmi kitabxanası bizə kitab fondu ayırmışdı. Kitabları özümüz seçib, daşıyırdıq. Bəzən gün əzində bir neçə dəfə Universitetə gedib, kitab gətirirdik. Amma bezmirdik, yorulmurduq...”

Qubaxanım Həsənovanın hələ kiçik yaşlarından kitablara olan məhəbbəti onun gələcəkdə kitabxanaçı olacağına qərar verməyinə köməklik edir. O, uşaqlıq arzusunu reallaşdırmaq üçün 1962-ci ildə N.K.Krupskaya adına Bakı Kitabxanaçılıq texnikumunda təhsil alır. Səhhətində yaranmış problemlərə görə, həm də zəif qızcığaz olduğundan ailəsi tərəfindən təhsilinə davam edilməsinə icazə verilməməsinə baxmayaraq, o, valideynlərindən gizli S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Kitabxanaçılıq fakültəsinə daxil olur. Universiteti 1972-ci ildə bitirir və kitabxanaçı-biblioqraf ixtisasına yiyələnir. Peşəsinə olan məhəbbəti, işinə göstərdiyi çox ciddi məsuliyyət onun kiçik zaman kəsiyində vəzifə pillələrində yüksəlməsinə böyük köməklik göstərir. O, 1968-ci ildə baş kitabxanaçı, 1991-ci ildən 2018-ci ilədək isə “Kataloq” şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Onun peşəkarlığı, kitabxanadakı işlərin öhdəsindən məharətlə gəlməsi rəhbərliyin diqqətindən yayınmamışdır. Q.Həsənova dəfələrlə rəhbərlik tərəfindən qiymətləndirilərək, müxtəlif diplomlar və tərifnamələrlə təltif edilmişdir. 1997-ci ildə Əmək veteranı adına layiq görülmüşdür. İşlədiyi müddətdə Q.Həsənova universitetin ictimai işlərində də yaxından iştirak etmişdir.

“İqtisadçı” qəzetinin 1975-ci il 6 mart nömrəsindəki “Kitablar arasında” adlı məqalədə Qubaxanım müəllimənin peşəkar mütəxəssis kimi fəaliyyəti, kitablara, mütaliəyə xüsusi yanaşması geniş işıqlandırılmışdır.

İlk baxışda sakittəbiətli, qaraqabaq, dinməz-söyləməz bir adam təəssüratı bağışlasa da, onu yaxından tanıyanlar Qubaxanım xanımın necə geniş ürəyinin olduğunu, səmimi iş yoldaşı, sədaqətli dost olduğunu söyləyə bilərlər. Onun zəngin təcrübəsi, işindəki səliqə-səhman kitabxanaçılara örnəkdir.

“Onu həmişə kitablar arasında görürsən. Bir an da olsun əlindən kitab yerə düşməz...”- bu fikir yuxarıda sözügedən məqalədəndir. Bu məqalədən 45 il keçir, amma bu gün də Qubaxanım müəlliməni ziyarətə gedəndə, onu əlində kitab görərsən...

Onun şərəfli ömür yolu bizlərə daima örnək olacaqdır.”



Arzu MƏMMƏDOVA

Azərbaycan Dövlət İqtisad Universiteti

UNEC-in 24/7 Kitabxanasının müdiri

“UNEC-90  Kitablar arasında keçən ömür”