Seçici səslərinin 21,33 faizinin hesablanmasına əsasən Rusiyanın hazırkı dövlət başçısı Vladimi Putin bu gün keçirilən prezident seçkilərində 71,97 faiz səs toplayıb.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiyanın Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Mərkəsi Seçki Komissiyasının məlumatına görə, Kommunist Partiyasının namizədi Pavel Qrudin seçici səslərinin sayına görə ikinci yerdədir. O, 15,9 faiz səs toplayıb.

Liberal Demokrat Partiyasından Vladimir Jirinovski hazırkı nəticələrə görə (6,96 faiz seçici səsi) siyahıda üçüncü yerdə qərarlaşıb. "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak 1,39 faiz səslə namizədlər siyahısında dördüncü olub. Onu 0,77 faiz səslə "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski təqib edib.

Bu gün Rusiyada prezident seçkiləri keçirilib. Prezident vəzifəsi uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, Liberal Demokrat Partiyasından Vladimir Jirinovski, Kommunist Partiyasından Pavel Qrudin, Rusiya Ümumxalq İttifaqı Partiyasından Sergey Baburin, "Vətəndaş təşəbbüsü" Partiyasından telejurnalist Kseniya Sobçak, Rusiya Kommunistləri Partiyasından Maksim Suraykin, Boris Titov və "Yabloko" Partiyasının qurucusu Qriqori Yavlinski mübarizə aparıb.