“Onun son arzusu dünyadan köçmədən öncə oğlunu görməkdir”

"Gündəlik Bakı" qəzetinin hazırda həbsdə olan baş redaktoru Habil Vəliyevin atası, 88 yaşlı Allahverdi Vəliyevin səhhətində ciddi problemlər yaranib. Bu barədə Leqal.info-ya baş redaktorun yaxın qohumları məlumat verib. Onların sözlərinə görə, Allahverdi Vəliyevin səhhəti iyul ayının 6-dan etibarən ağırlaşıb: “Allahverdi Vəliyev ailəsinə, övladlarına çox bağlı insandır. Habil Vəliyevin həbsi ona daha pis təsir göstərdi. O ümidlə gözləyirdi ki, məhkəmə oğlu barəsində ədalətli qərar çıxarıb onu azadlığa buraxacaq. Lakin Habil Vəliyev azadlığa buraxılmadı və ona 4 il azadlıqdan məhrumetmə cəzası verildi. Bundan başqa, Allahverdi Vəliyev oğlu ilə birlikdə həbs olunan şəxslərin, yəni Bizim Dövr qəzetinin baş redaktoru Surxay Əliyev və digərlərinin azadlığa buraxılması xəbərini eşitdikdən sonra səhhətində ağır problem yarandı. Hazırda o ölüm ayağındadır. Son arzusu isə dünyadan köçmədən Habil Vəliyevi görməkdir”.

Biz isə öz növbəmizdə Habil Vəliyevin atasına Allahdan şəfa diləyirik.