Prezident İlham Əliyev Biləsuvar şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair tədbirlər haqqında sərəncam imzalayıb.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Biləsuvar rayonunda bir sıra sosialyönümlü infrastruktur layihələri yerinə yetirilib, o cümlədən Olimpiya İdman Kompleksi, Gənclər Evi, Bayraq Muzeyi, əlil və şəhid ailələri üçün ümumilikdə 64 mənzilli 4 yaşayış binası inşa edilib, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunub, 30 ümumtəhsil müəssisəsi istifadəyə verilib. Bundan başqa, Biləsuvar şəhərinin içməli su təchizatı sistemi yenidən qurulmuş, iri istehsal və emal müəssisələri yaradılıb, 25 mindən çox yeni iş yeri açılıb, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb.

Sərəncamda qeyd edilir ki, Biləsuvar şəhərində istismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 48 mənzilli yaşayış binasının tikintisi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Biləsuvar Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.