Bakının Nərimanov rayonunda yerləşən Atatürk parkında ağacların budanması bəzi narazılıqlar yaradıb. Əvvəlcə parkdan çəkilən fotolar “ağacları qırırlar” fikri yaratsa da, verilən rəsmi açıqlamalar bunun budanma olduğunu göstərdi. Lakin yenə də əhali arasında söz-söhbət bitmək bilmir. Bəziləri budanmanın düzgün aparılmadığını deyir, bəziləri isə ağacların köçürüləcəyini iddia edir.

Leqal.info bildirir ki, Oxu.Az məsələ ilə bağlı Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Nəbatat Bağının baş aqronomu Asif Mehrəliyevlə əlaqə saxlayıb.

Mütəxəssis bildirib ki, Atatürk parkındakı budama işləri düzgün aparılıb:

“Qış nisbi sükunət dövrü quru budamanın əsl vaxtıdır. Əgər oradakı şam, sərv kimi yaşıl ağacları budasaydılar, o zaman belə kəsimin qadağan olduğunu demək olardı. Parkda yarpağını tökmüş ağacların başını kəsiblər, bitkiçilik, meyvəçilikdə buna cavanlaşdırma deyirlər”.

A.Mehrəliyev bildirib ki, belə budanmanın çoxlu məqsədi və istiqamətləri var.

“Belə ağacları hündürlüyündən asılı olaraq, 2-3 metr yuxarıdan çəpinə kəsirlər ki, o cavanlaşsın. Yazda orada cavan zoğlar əmələ gələcək.

İkincisi, əgər bu bitkinin altında yeni bəzəkli kol əkilirsə və yaxud orada müəyyən tədbir həyata keçiriləcəksə, bu məqsədlə də ağaclar belə budanmalıdır. Çünki o, kölgə salır və əkilən yeni bitkilərin inkişafına imkan vermir.

Üçüncüsü, buradan ayaqüstü hərəkət zolağı keçirsə, çəkilən yolda insanlara mane olan bütün budaqlar kəsilməlidir”, - o əlavə edib.
Atatürk parkında nə baş verir?
Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin Mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov məsələ ilə bağlı saytımıza açıqlamasında parkda əsaslı təmir işlərinin başladığını bildirib.

“Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən, parkda yenidənqurma işləri aparılır, qanunsuz obyektlər sökülür. Burada qoca ağaclarda sanitar qulluq, aqrotexniki qulluq, dərin budanma, yəni cavanlaşma işləri aparılır. Parkda gövdəsi çürümüş və qurumuş bir neçə qovaq ağacı kəsilərək götürülüb”, - O.Məmmədov deyib.

O qeyd edib ki, ağaclar tumurcuqlamadığı və inkişaf fazasını dayandırdığı üçün bu dövrdə budanma düzgündür.

“Bu budanmadan sonra həmin ağacların ömrü 15-20 il artır. Dərin budama işləri Bakı mühitində təxminən ağacın 30-35 yaşından sonra başlanılır. Bakı mühitində münbit torpaq olmadığı və iqlimi fərqli olduğu üçün ağaclar tez qocalır. Ümumilikdə, iynəyarpaqlı ağacları çıxmaq şərti ilə Bakıdakı ağacların 90 faizini 5-6 metr hündürlükdən budamaq lazımdır.

Bakı küləklər şəhəridir, şəhərin münbit torpağı yoxdur, bu səbəbdən ağaclar tez aşır. Budanma işləri də aşmanın qarşısını alır. Gələcəkdə şəhər ərazisində iynəyarpaqlı ağaclar istisna olmaqla, aşma təhlükəsi olan ağaclarda budanma işləri aparmağa çalışacağıq”, - şöbə rəisi deyib.