Cari il oktyabr ayının sonunadək Brodı (Ukrayna) - Plotsk (Polşa) neft kəmərinin tikintisi üçün ekoloji icazənin müddəti daha dörd il uzadılacaq.

Bu barədə “Report”a bildirən “Sarmathia” beynəlxalq boru kəməri müəssisəsinin baş direktoru Sergey Skripka mövcud ekoloji icazənin 2013-cü ildə 6 illik müddətə daha 4 il uzatmaq ehtimalı nəzərdə tutmaqla aldıqlarını, hazırda icazənin müddətini uzatmaq üçün xətt boyu ekoloji şəraitə dair əlavə tədqiqatların aparılacağını diqqətə çatdırıb.

Qeyd edək ki, 2004-cü il iyulun 12-də Ukraynanın “Ukrtransafta” və Polşanın “PERN Przyjazn” şirkətləri tərəfindən yaradılan “Sarmathia” müəssisəsinin iştirakçıları arasında SOCAR (25,32 faiz), “Georgian Oil and Gas Corporation Ltd” (GOGC; 16,09 faiz), “Ukrtransnafta” (28,79 faiz), “PERN Przyajzn S.A.” (28,79 faiz), Litvanın “AB Klaipedos Nafta” (1 faiz) şirkətləri var.

Ümümi uzunluğu 377 kilometr olan Brodı-Plotsk neft kəməri hazırda Avrasiya neft nəqli dəhlizinin yeganə əksik hissəsidir. Bu layihə tamamlandıqda Xəzər ölkələri neft sərvətlərinin Avropa bazarına ixracı üçün mühüm etibarlı marşrut və yeni müştərilər qazanacaq.