İlk xəbər saat 14:08-də verilib

Bakıda sentyabrın 5-də Pakistanın Hayber-Pahtunhva bölgəsinin investisiya imkanlarının təqdimatı keçiriləcək.

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə “Report”a bildirib ki, Pakistandan gələn nümayəndə heyətinin tərkibində Hayber-Pahtunhva vilayət Assambleyasının spikeri Əhməd Qani və həmin vilayətin informasiya naziri Şaukat Ullah Yusafzai də olacaq.

Məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Pakistanın investisiya imkanlarını təşviq etməkdir.

Tədbir çərçivəsində B2B görüşlərin keçirilməsi planlaşdırırlır. Səfirin sözlərinə görə, bu görüşlərdə Pakistan tərəfindən 80 şirkətin nümayəndəsi iştirak edəcək.

Qeyd edək ki, Hayber-Pahtunhva Pakistanın şimalında yerləşən bölgəsidir.

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycan və Pakistanın ümumi ticarət dövriyyəsinin həcmi 9 030,58 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 028,64 min dollar və ya 29% çoxdur. Bu məbləğin 250,72 min dolları ixracın payına düşür ki, bu da ötən ilin 7 ayı ilə müqayisədə 402,68 min dollar və ya 2,6 dəfə azdır. Pakistanın ixracının Azərbaycanın ümumi ixracdakı payı 0% təşkil edir.

Bu ilin 7 ayı ərzində Azərbaycan Pakistandan 8 779,86 min dollar həcmində məhsul idxal edib ki, bu da ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2 431,32 min dollar və ya 38,3% çoxdur. Pakistanın idxalının Azərbaycanın ümumi idxaldakı payı 0,10% təşkil edir. Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul aylarında Azərbaycan və Pakistan arasında ümumi ticarət dövriyyəsinin həcmi 7 001,94 min dollar təşkil edib. Bu həcmin 653,4 min dolları Azərbaycanın ixracının, 6 348,54 min dolları isə Azərbaycanın idxalının payına düşüb.