"Vaxtı ilə Azərbaycan hökumətinin iqtisadi blokunda nazirlik, komitə, agentlik və bu cür səlahiyyətli qurumların say çoxluğu bir qayda olaraq, dövlət inzibatçılığının mürəkkəbliyinin göstəricisi sayılırdı. Buna görə də ilk dövrlərdə keçmiş Vergilər Nazirliyində “Bir pəncərə” sisteminin tətbiqi, sonralar “ASAN xidmət” Mərkəzlərinin fəaliyyətə başlaması müvafiq dövrlər üçün mövcud inzibatçılıq gərginliyinin nisbi azalmasına xidmət edirdi".

Bunu "Report"a açıqlamasında auditor, vergi sahəsi üzrə ekspert Şahin Məmmədli bildirib.

Onun sözlərinə görə, hətta “Elektron Hökumət Portalı”nın iqtisadi blokuna aid elektron xidmətlərindən istifadə imkanları və vahid bazada birləşdirilmiş “195 Çağırı Mərkəzləri”nə müraciət zamanı seçim çeşidləri məhz hökumətdə nazirlik, komitə, agentlik və bu cür səlahiyyətli qurumların say çoxluğu baxımından kəmiyyətcə yüklü görünürdü: "Əgər ölkənin iqtisadi mühitini bir tablo zənn etsək, hökumətin iqtisadi blokunda maarifləndirmə səviyyəsinin ilbəil yüksəldilməsi, elektron və avtomatlaşdırma sistemlərinin tətbiqinin hər il genişləndirilməsi zənn etdiyimiz tablonu daha parlaq və işıqlı edirdisə, iqtisadi blokun çoxsaylı ünvanlılığın mövcudluğu həmin tabloya həmişə tünd və qarışıq rənglər verirdi".

Ş.Məmmədli hesab edir ki, yuxarıda qeyd etdiyi səbəblərdən hökumətin strukturunun iqtisadi blokunda uzunmüddətli sabitlikdən sonra dəyişikliklərin baş verməsi ümumilikdə müsbət tendensiyanın başlanğıcı kimi dəyərləndirilməlidir və bununla kifayətlənməməlidir".

Yenilənmiş Nazirliyin bir fəaliyyət istiqaməti hesab edilən vergi sahəsində görüləcək işləri davam etdirilməsi şübhəsizdir. Hesab edirəm ki, keçmiş Vergilər Nazirliyinin son 3 illik fəaliyyətində həyata keçirilməyə başlamış çoxtərəfli yenilikləri bütün sahibkarlar fəaliyyətlərində hiss edirlər və bu, təqdir edilməlidir. Bu sırada qanunvericilik bazasında vergi inzibatçılığının sadələşdirilməsi, vergi nəzarətinin gücləndirilməsi kimi dəyişikliklər, habelə kadr heyətinin gəncləşdirilməsi, aparılmış struktur dəyişiklikləri aydın müşahidə edilən yeniliklərdəndir. Lakin vergi sisteminin əsas fəaliyyət istiqamətlərində gözlənilən islahatlar tam başa çatmamış qalır. Məsələn, vergi uçotunun aparılması sahəsində lüzumsuz paralellik təşkil edən elektron-qaimə və elektron vergi hesab faktura sistemlərindən birinin ləğvi, standart nəzarət-kassa aparatları tətbiqinin ləğv edilməsi, kommersiya sahəsi üçün internet üzərindən vahid bank ödənişi sisteminin tətbiq edilməsi (internet bankçılıq sistemlərinin vahid bazada birləşdirilməsi), sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyəti üzrə dövriyyə (gəlir) məlumatların uçotunun aparılması sistemlərinin tətbiq edilməsi kimi məsələlər tamamlanmamış qalır. Eyni zamanda, vergi bəyannamələri sahəsində də müxtəlif bəyannamələrin tərtibatında ciddi dəyişiklərin və ümumiləşdirmələrin aparılması, vergi orqanında olan rəsmi məlumatlardan ibarət vergi bəyannamələrin vergi ödəyiciləri tərəfindən təqdim olunmasının ləğv edilməsi, bütün vətəndaşlara şamil ediləcək ümumi gəlir vergisi bəyannaməsi sisteminin tətbiqi kimi gözlənilən islahatlar da başa çatmamışdır".

Ekspert hesab edir ki, yuxarıda sadalanan islahatların davamlı şəkildə aparılması məhz vergi yoxlamalarının təkmilləşdirilməsinə səbəb olacaq.

"Belə ki, bütün bunlar qarşılıqlı asılı kompleks tədbirlər sistemidir. Bu səbəbdən yenilənmiş Nazirliyində xüsusilə də vergi xidməti sahəsində bundan sonra baş verə biləcək yenilikləri keçmiş Vergilər Nazirliyinin mövcud olduğu dövrdə planlaşdırılmış tədbirlər planı hesab etmək olar. Lakin, yenilənmiş Nazirliyin fəaliyyətinin bundan sonra vergi daxilolmalarının həcminə təsiri əsasən bu Nazirliyə birləşdirilmiş digər dövlət orqanlarının fəaliyyət istiqamətlərində həyata keçiriləcək islahatlardan asılı ola bilər", - Ş.Məmmədli deyib.