“Son illər Azərbaycanda yol-nəqliyyat infrastruktutuna yatırılan investisiyalar hesabına avtomobil daşımaları sahəsində potensialın artması Rusiyadan Azərbaycan ərazisi ilə nəql olunan yüklərin həcminin artmasına səbəb olub”.

“Leqal.info” xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən, Azərbaycan və Rusiyanın Rostov vilayəti arasında iqtisadi-ticari və mədəni-humanitar əməkdaşlığın inkişafına həsr edilmiş biznes-forumda bildirib.

Onun sözlərinə görə, Rostov vilayəti böyük həcmdə məhsul istehsalçısı kimi Azərbaycana üçün böyük maraq kəsb edir: “Düşünürəm ki, nəqliyyat sahəsində fəaliyyət göstərən rusiyalı tərəfdaşlar daşımaçılıqla bağlı təkliflər hazırlamalı və təqdim etməlidirlər. Bu təkliflər qiymət və müddətlə bağlı ola bilər”.

Nazir qeyd edib ki, ötən il Azərbaycan iqtisadiyyatı 2015-2016-cı ildə baş vermiş şoklardan sonra tam bərpa edilib və böyüyüb: “Bu il də iqtisadi inkişafımız davam edir. Ümumi daxili məhsulun (ÜDN) artımı özünün qeyri-neft sektorunun, o cümlədən ticarət və xidmət sahələrində, yeni iş yerlərinin yaradılmasında göstərməkdədir. Bu gün bizim əsas fəlsəfəmiz mövcud sahibkarlıq subyektlərinin aktivliyini artırmaq, müəssisələrin inkişafını müxtəlif alətlərlə dəstəkləmək, biznes mühitini daha da müasirləşdirməkdən ibarətdir. Bu da ölkədəki biznesi daha şəffaf edir”.

Nazir Rostovdan olan iş adamlarını Azərbaycan iqtisadiyyatına pul qoymağa çağırıb: “Biz xarici investisiyalar üçün “açıq qapı” siyasəti həyata keçiririk”.