Avqustun 22-də bir sıra kütləvi informasiya vasitələrində 40 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun (Dövlət Qeydiyyat Nömrəsi 10-TG-832) sürücüsünün metronun “Neftçilər” stansiyası yaxınlığındakı piyada keçidində yol hərəkəti qaydalarını kobud şəkildə pozmasına dair yayılan videogörüntüylə bağlı Bakı Nəqliyyat Agentliyində araşdırma aparılıb.

Agentlikdən “APA-Economics”ə verilən məlumata görə, araşdırmaya əsasən, avtobusun sürücüsünün Hacıyev Rahib Nurəddin oğlu olduğu müəyyən edilib. 40 nömrəli müntəzəm marşrut xəttinin müvəqqəti istismarını həyata keçirən daşıyıcı və sürücü dərhal Bakı Nəqliyyat Agentliyinə çağırılıb və izahatları alınıb.

Agentlikdən bildirilib ki, kobud qayda pozuntusuna yol verdiyini etiraf edən sürücü Bakı Nəqliyyat Agentliyinin tələbi əsasında 40 nömrəli müntəzəm marşrut xəttinin istismarını həyata keçirən daşıyıcı tərəfindən işdən azad edilib. Daşıyıcıya isə bir daha sürücülərinin analoji hallara yol verməməsi üçün zəruri tədbirlər görülməsi ilə bağlı xəbərdarlıq edilib.

“Bakı Nəqliyyat Agentliyi bir daha bəyan edir ki, ictimai nəqliyyatda yol hərəkəti qaydalarına, qanunvericiliyin tələblərinə əməl etməyən, sərnişinlərin həyatını təhlükəyə ataraq müəyyən olunmuş qaydaları pozan daşıyıcılar, eləcə də sürücülər barədə bundan sonra da ən sərt şəkildə tədbirlər görüləcək. Bununla yanaşı qeyd etmək istəyirik ki, bu kimi xoşagəlməz hallarla mübarizədə ictimaiyyətin fəallığı olduqca əhəmiyyətlidir. Son bir ildə məhz ictimai fəallıq, eləcə də ictimai qınaq sayəsində nəqliyyat sahəsində, o cümlədən marşrut şəbəkəsində mövcud olan bir sıra məsələlərin həllinə nail olunub. Bunları nəzərə alaraq, ictimaiyyəti Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığı daha da genişləndirməyə çağırırıq”, - deyə məlumatda vurğulanıb.

Leqal.info