2017-ci ilin yanvar-iyul aylarında Bakı şəhərinin pərakəndə ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,8% artaraq 4 mlrd. 672,6 mln. manata, qeyri-ərzaq məhsullarının həcmi isə 2,4% artaraq 5 mlrd. 632,3 mln. manata bərabər olub.

Bakı Şəhər Statistika İdarəsindən "APA-Economics"ə verilən məlumata görə, dövriyyənin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 1,5% artaraq 45,3% təşkil edib.

Hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 34,8%-i ərzaq məhsullarının, 10,5%-i içkilər və tütün məmulatlarının, 16,8%-i toxuculuq məhsulları, geyim, ayaqqabıların, 7,2%-i elektrik malları və mebelin, 3,1%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 1,8%-i əczaçılıq və tibbi malların, 5,9%-i avtomobil yanacağının, 19,9%-i isə digər qeyri-ərzaq məhsullarının alınmasına sərf olunub.

Yanvar-iyul ayları ərzində elektron qaydada pərakəndə ticarət şəbəkəsində 25,5 mln. manatlıq və ya 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 3,3 dəfə çox istehlak məhsulları satılıb. Elektron şəbəkə vasitəsi ilə əhalinin sifariş verdiyi istehlak məhsullarının 97,4%-i hüquqi şəxslərdən, 2,6%-i isə fərdi sahibkarlardan alınıb. Satışın bu növü vasitəsilə qeyri-ərzaq məhsulları realizə olunub.

Leqal.info