Bu gün Bakı gəmiqayırma zavodunda BP şirkətinin sifarişi ilə "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.

Prezidentin Mətbuat xidmətindən "APA-Economics"ə verilən məlumata görə, ölkə başçısı İlham Əliyev mərasimdə iştirak edib.

SOCAR prezidenti Rövnəq Abdullayev, "BP-Azərbaycan" şirkətinin prezidenti Qəri Counz, "Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin sədri Rauf Vəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat veriblər. Qeyd edilib ki, Bakı gəmiqayırma zavodu fəaliyyətdə olduğu qısa müddətdə kifayət qədər uğurlu layihələr həyata keçirib. Bu layihələrə 25 min ton yükqaldırma gücünə malik "28 May" üzən doku, 50 ton dartıcı qüvvəyə malik olan "SOCAR 1" yedək gəmisini, Heydər Əliyev adına yarımdalma qazma qurğusunun pantonlarını və yuxarı bloklarını, "Zəfər", "Üfüq" və "Turan" sərnişin gəmilərini misal göstərmək olar. Bundan başqa, Bakı gəmiqayırma zavodu 2015-ci ildə "Şahdəniz-2" layihəsi çərçivəsində bir neçə gəminin təmir və yenilənmə layihələrini həyata keçirib. Bunlardan "İsrafil Hüseynov" borudüzən gəmisini, "Tofiq İsmayılov" dalğıc gəmisini, "Azərbaycan" kran gəmisini, "Caspian Endeavour" və "Seabed Supporter" təchizat gəmilərini, "Dədə Qorqud" yarımdalma qazma qurğusunu və "Gilavar" tədqiqat gəmisini qeyd etmək olar. "Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə imzalanan müqavilələrə uyğun olaraq, hazırda tikintisi uğurla davam edən iki "RoPax" tipli nadir gəminin və iki neft tankerinin 2019-cu ildə təhvil verilməsi planlaşdırılır.

Dövlətimizin başçısına "Xankəndi" sualtı tikinti gəmisi haqqında videoməlumat da verilib.

2014-cü il aprelin 17-də “Bakı Gəmiqayırma Zavodu” MMC sualtı tikinti gəmisinin layihələndirilməsi və tikintisi barədə “Şahdəniz” qaz yatağının işlənilməsi və istismarı üzrə icraçı olan “BP Exploration” MMC ilə dəyəri 400 mln. dollara yaxın olan müqavilə bağlanıb. "Xankəndi" sualtı tikinti gəmisinin iki iri gövdə bölməsi müvafiq müqavilə əsasında Sinqapurda inşa edilərək təhlükəsiz şəkildə Bakıya gətirilib və bu iki hissə Bakı gəmiqayırma zavodunda tikinti-quraşdırma sahəsinə çıxarılaraq inşası başa çatmış burun, yaşayış və idarəetmə blokları ilə birləşdirilib və müvafiq inteqrasiya işləri yerinə yetirildikdən sonra ötən ilin mayında suya salınıb. Bu gəmi xüsusi olaraq nəhəng "Şahdəniz-2" işlənilmə layihəsinin sualtı qurğularını quraşdırmaq üçün inşa edilib.

Prezident İlham Əliyevə "Şahdəniz-2" layihəsi çərçivəsində görülən işlərlə bağlı da məlumat verildi. Qeyd edək ki, artıq layihə üzrə işlərin 96%-dən çox hissəsi tamamlanıb. Fəaliyyət dövründə Azərbaycanda 24 min yeni iş yeri açılıb. "Şahdəniz-2" üzrə işlənilmə planına bir-birinə körpü ilə birləşdirilən iki yeni hasilat platforması, iki yarımdalma qazma qurğusu ilə qazılan ən az 26 sualtı quyu, suyun 500 metrədək dərinliyində quraşdırılan 500 kilometr uzunluğunda boru kəmərləri və Səngəçal terminalının genişləndirilməsi işləri daxildir. "Şahdəniz-2" çərçivəsində əsas diqqət ildə 16 milyard kubmetr qaz və gündə 120 min barrelədək kondensat əlavə etməklə hazırda istismar olunan lay intervallarında qalan ehtiyatlara yönəlib. Buna görə ildə 6 mlrd. kubmetr qaz Türkiyəyə nəql ediləcək və qalan həcm, yəni, ildə 10 mlrd. kubmetr Avropa alıcılarına çatdırılacaq.

Dövlətimizin başçısı "Xankəndi" sualtı tikinti gəmisinin rəmzi istismara verilməsini bildirən lenti kəsib.

Bakı gəmiqayırma zavodunun yanalma körpüsündə "Xankəndi" gəmisinin bütün göyərtə avadanlığı - əsas qaldırıcı kran, köməkçi kranlar, o cümlədən helikopter meydançası quraşdırılaraq gəminin bütün sistemləri, avadanlığı və qurğuları tam inteqrasiya edilib, yoxlanılaraq işə salınıb və sazlanıb. İki ay ərzində açıq dənizdə bütün istismar sınaqları uğurla yerinə yetirilib. "Xankəndi" gəmisinin tikintisində ümumilikdə iki mindən çox insan çalışıb ki, bu işçilərin 75%-ini yerli, 25 faizini isə əcnəbi mütəxəssislər təşkil edib. Gəmi sifarişçiyə təhvil verilmək üçün tam hazır vəziyyətə gətirilib.

"DNV GL" Norveç və Almaniya təsnifat cəmiyyətinin nəzarəti altında tikilən bu nadir gəminin maksimal sürəti 13,5 knot, uzunluğu 155, eni 32, maksimal suya oturumu 7,5 və əsas göyərtəsinin hündürlüyü 13 metrdir. Gəmi 3,5 metr hündürlüyündə böyük dalğalarda fəaliyyət göstərməsi üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kranı, 18 nəfərlik iki dalğıc kapsulu sistemi, məsafədən idarə olunan iki aparatı, möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası və digər zəruri texnikalarla tam təchiz edilib. Sualtı tikinti gəmisinin ümumi çəkisi 17700 tondur və suya oturumu 6,5 metr olmaqla 5 min metrik tondan artıq yükgötürmə qabiliyyətinə malikdir.

Qeyd edək ki, 175 nəfərlik kayutlarla təchiz olunan bu gəmi indiyə qədər Bakı gəmiqayırma zavodunda icra olunan ən mühüm sifarişdir. Gəminin inşası Azərbaycanın iqtisadi və sənaye potensialının gücləndirilməsi istiqamətində növbəti addımdır.

Sonra prezident İlham Əliyev gəminin işə salınmasını bildirən düyməni basıb.

Qeyd edək ki, “Xankəndi” gəmisi təkcə Azərbaycanın deyil, bütövlükdə Xəzərin gəmiçilik tarixində yeni eranın başlanğıcıdır. Xəzər dənizindəki neft və qaz donanmasının yeni texnologiyalı ən müasir gəmisi olan “Xankəndi” suyun dərinliyi 550 metrədək olan hissələrdə dünya standartlarına uyğun sualtı qurğular inşa etmək üçün layihələndirilib. Gəmi təhvil verildikdən sonra sahildən təxminən 70 kilometr məsafədə yerləşən "Şahdəniz" yatağının ikinci inkişaf mərhələsi üçün səfərbər olunacaq və 2017-2027-ci illərdə "Şahdəniz-2" layihəsinin sualtı quraşdırma işlərində istifadə ediləcək.

Daha sonra prezident İlham Əliyev "Xankəndi" sualtı tikinti gəmisinin istismara verilməsi mərasimində çıxış edib.

Sonda xatirə şəkli çəkdirilib.

*** SAAT 10:31

Bu gün Bakı Gəmiqayırma Zavodunda BP şirkətinin sifarişi ilə "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisinin təqdimat mərasimi olub.

Azərbaycan prezidentinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, ölkə başçısı İlham Əliyev mərasimdə iştirak edib.

"Şahdəniz" konsorsiumunun əməliyyatçısı olan "BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumatda isə bildirilir ki, gəminin dəyəri 378 mln. dollar təşkil edir. "Şahdəniz" yatağına göndərilməyə hazır olan "Xankəndi" gəmisi növbəti 11 il ərzində orada sualtı quraşdırma və tikinti işləri həyata keçirəcək.

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, nəhəng "Şahdəniz-2" layihəsi çərçivəsində Xəzər dənizində ən müasir sualtı hasilat texnologiyasını quraşdırmağa qadir olan bu mürəkkəb və əsl çoxfunksiyalı gəmini istismara verməyimizdən qürur duyuruq: "Bu, "Şahdəniz" layihəsində yerli podratçı şirkətlə əməkdaşlıqda əldə edilmiş daha bir əlamətdar nailiyyətdir və biz Xankəndi gəmisinin layihəyə əhəmiyyətli dəstək verəcəyini gözləyirik. Bu unikal gəminin inşasının təhlükəsiz və səmərəli şəkildə başa çatdırılmasında böyük əməyi olan Bakı Gəmiqayırma Zavoduna və bu işlərə öz töhfəsini vermiş bütün digər tərəflərə öz təşəkkürümü bildirirəm".

Gəminin uzunluğu 155 metr, eni 32 metr və əsas göyərtə sahəsi isə 2000 kvadratmetr təşkil edir. Gəminin ümumi çəkisi 17600 tondur və suya oturumu 6,5 metr olmaqla daşıma gücü 5000 metrik ton təşkil edir. Gəmidə 6 ədəd 4,4MVt və 2 ədəd 3,2MVt gücündə generatoru olan iki mühərrik bölməsi var. O, 3,5 metr hündürlüyündə dalğalarda (Hs) fəaliyyət göstərə bilmək üçün dinamik mövqeləndirmə sistemi, 600 metrədək dərinlikdə sualtı əməliyyatlar aparmaq üçün 900 metrik tonluq əsas kran, iki ədəd 18 nəfərlik dalğıc kapsulu sistemi, iki ədəd məsafədən idarə olunan sualtı aparat və möhkəmləndirilmiş avadanlıq endirmə şaxtası ilə təchiz edilib. Xankəndi gəmisi lövbərlərə heç bir ehtiyac olmadan ən mürəkkəb işləri həyata keçirə bilər.

Gəmi heyəti və mütəxəssislər də daxil olmaqla Xankəndi gəmisinin göyərtəsi maksimum 175 nəfər üçün nəzərdə tutulub. Gəminin işçiləri mühəndis və layihə idarəetmə sahələrində ixtisaslaşmış həm yerli, həm də əcnəbi mütəxəssislərdən ibarətdir. İşçi heyətinin gələcəkdə tam yerlilərdən ibarət olması üçün onlara geniş təlimlər keçirilməsi nəzərdə tutulub.

"Xankəndi" gəmisi SOCAR, Azərbaycan İnvestisiya Şirkəti və "Keppel O&M" şirkətinin yaratdığı birgə müəssisə olan Bakı Gəmiqayırma Zavodunda layihələndirilib və inşa edilib.
"Şahdəniz-2" çərçivəsində işlərin 96%-dən çox hissəsi tamamlanıb
"Şahdəniz-2" çərçivəsində işlərin 96%-dən çox hissəsi tamamlanıb
"Şahdəniz-2" çərçivəsində işlərin 96%-dən çox hissəsi tamamlanıb
"Şahdəniz-2" çərçivəsində işlərin 96%-dən çox hissəsi tamamlanıb
"Şahdəniz-2" çərçivəsində işlərin 96%-dən çox hissəsi tamamlanıb
"Şahdəniz-2" çərçivəsində işlərin 96%-dən çox hissəsi tamamlanıb
"Şahdəniz-2" çərçivəsində işlərin 96%-dən çox hissəsi tamamlanıb
"Şahdəniz-2" çərçivəsində işlərin 96%-dən çox hissəsi tamamlanıb

Leqal.info

VİDEO