Sentyabrın 30-da «Park İNN» hotelində Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB)” növbəti Ümumi Yığıncağı keçirilib.

Bu barədə Leqal.info-ya Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin mətbuat xidmətindən məlumat daxil olub.

İclasda Türkiyənin ölkəmizdəki səlahiyyətli və fövqəladə səfiri Erkan Özoral,
Azərbaycanın millət vəkilləri, dövlət qurumlarının təmsilçiləri, rektorlar, iş
adamları, ictimai birliklərin nümayəndələri, eləcə də digər sahibkarlıq
təşkilatlarının təmsilçiləri iştirak ediblər.
TÜİB-in toplantısı, Azərbaycan və Türkiyənin dövlət himnlərinin səslənməsi və
Ümummilli Lider Heydər Əliyev, Türkiyə dövlətinin qurucusu Mustafa Kamal
Atatürk və hər iki ölkə şəhidlərinin xatirəsinin yad edilməsi ilə başlayıb.
Yığıncağın Sədarəti seçildikdən sonra söz verilən TÜİB-in rəhbəri Ali İhsan Genc
qurumun ötən ayları əhatə edən fəaliyyətinə dair hesabat məruzəsi edib. Son
dövrlər ölkə rəhbərliyi tərəfindən aparılan islahatlar və onun nəticəsi olaraq
iqtisadiyyatda baş verən dəyişiklikləri müsbət qiymətləndirən A.İ.Genç qurumun
tərkibindəki biznes quruluşlarının fəaliyyətində gömrük və vergi orqanları ilə bağlı
tənzimləmələri xüsusi qeyd edib: «2017-ci ilin əvvəlindən vergi sahəsində həyata
keçirilən islahatlar Azərbaycanda biznes mühitinin bütün sahələrinə öz töhfəsini
verir».
Eyni zamanda TÜİB rəsmisi bəzi sahələrdə həlli tələb olunan məsələlərin
mövcud olduğunu və onunla bağlı dövlət qurumları ilə müzakirələrin aparıldığını
qeyd edib.
Onun sözlərinə görə, qeydiyyata alınmayan aktivlərin iqtisadiyyata cəlb edilməsi
ilə bağlı məqbul verginin tətbiqi onların rəsmi qeydiyyata alınmasına və vergiyə
cəlb eilməsinə imkan verərdi.
A.İ.Genç ölkədə tikinti sektorundakı durumun digər sahələrə də təsirini qeyd
edərək bu sahənin dirçəldilməsinin vacib olduğunu bildirib. İş adamı qeyd edib ki,
hazırda dövlət qurumları tərəfindən bu sahədə addımlar atılır, amma bu işlərin
daha geniş formada aparılmasına ehtiyac var.
TÜİB-in fəaliyyətinin aqrar, turizm, qida təhlükəsizliyi və nəqliyyat sahələrinə dair
istiqamətlərinə də toxunan TÜİB sədri sahibkarların mübahisəli vəziyyətlərdə üz
tutduqları məhkəmələrin obyektiv davranmalarının zəruriliyini vurğulayıb:
«Sahibkar əmin olmalıdır ki, onun arxasında dövlət və hüquq var».
Yığıncaqda çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral iştirakçıları
salamladıqdan sonra tədbirə dəvət olunmuş Cocuq Mərcanlı kənd sakini Oqtay
Həziyevin timsalında xalqın gerçək qəhrəmanının olduğunu deyib:
«Oqtay Həziyev torpaqları düşmənə verməməyin gerçək nümunəsidir. O, öz
fədakarlığı ilə göstərdi ki, Vətən torpağı düşmənə verilməz. O, göstərdi ki,
insanlar canından-qanından keçməyə hazırdırlar, ancaq düşmənə torpaq
verməzlər».
Səfir bu günlərdə Dağlıq Qarabağa getmiş türk vətəndaşlarının Türkiyənin
Qarabağla bağlı siyasətinə zidd davrandığını bildirib: «Onlar düşmən əməllərinə
xidmət edirlər».

Erkan Özoral qeyd edib ki, 2016-cı ilin 15 iyulunda Türkiyədə baş verən çevriliş
cəhdi Azərbaycanda fəaliyyət göstərən iş adamları üçün də bir imtahan oldu:
«Həmin ağır günlərdə kimin kim olduğu tam üzə çıxdı. Bu gün burada olan, eyni
zamanda, Azərbaycanda fəaliyyət göstərən Türkiyəli iş adamalarını birləşdirən
qurumlarda yer alan dostlarımız Vətənə bağlılıqlarını əməldə sübut etmiş
oldular».
Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin sarsılmazlığını
vurğulayan səfir TÜİB üzvlərini Azərbaycanda yaradılmış münbit iqtisadi mühitdə
daha da faydalı olmağa, ikitərəfli ticari-iqtisadi əlaqələrin dərinləşməsinə töhfə
verməyə çağırıb
Tədbirdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakini Oqtay Həziyev
doğma torpaqlara sədaqəti və fədakarlığına görə, TÜİB tərəfindən
mükafatlandırılıb.
Daha sonra söz verilən Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət
Komitəsi sədrinin müavini Gəray Fərhadov bu sahədə görülən işlər barədə
məlumat verib və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasında iş
adamlarının rolunu qeyd edib.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş
direktorunun müavini Şamil Ərəbov  vergi qanunvericiliyində baş verən son
dəyişikliklər, onların yerli və xarici iş adamlarının fəaliyyətinə təsiri barədə
məlumat verib.
Dövlət Miqrasiya Xidmətinin Baş İdarə rəisi İsmayıl Abdullayev iş adamlarının
müxtəlif layihələrdə çalışmaq üçün ölkəyə əcnəbi işçilər gətirməsi ilə bağlı
tələblər barədə məlumat verərək, əsas yenilikləri izah edib.
Azərbaycanda Amerika Ticarət Palatasının (AmCham) icraçı direktoru Natəvan
Məmmədova təmsil etdiyi qurumla TÜİB arasında qurulmuş əməkdaşlıq
haqqında geniş danışıb.
Azərbaycan Banklar Assosiasiyasının (ABA) sədri Zakir Nuriyev bankların ölkə
biznesinə dəstək imkanları və bu sahədəki durum barədə məlumat verib.
Çıxışlardan sonra TÜİB sədrinin və qurumun rəhbər orqanlarına seçkilər keçirilib.
Səsvermənin nəticələrinə əsasən, “Büyükfırat Group”un rəhbəri Hüseyn
Büyükfırat TÜİB-in yeni sədri seçilib. Həmçinin TÜİB-in İdarə Heyətinin və
Nəzarət Təftiş Komissiyasının yeni tərkibi müəyyənləşib.
Tədbirdə çıxış edən TÜİB-in yeni sədri Hüseyn Büyükfırat qurumun gələcək
fəaliyyətində heç bir ayrı-seçkiliyin olmayacağını, iş adamlarına siyasi baxışlarına
və digər mənsubiyyətlərinə görə deyil, iş qabiliyyətlərinə və Vətənə bağlılıqlarına
görə qiymət veriləcəyini deyib.
Xatırladaq ki, bu ilin əvvəlində təsis edilən «Türkiyə və Azərbaycan İş Adamları
və Sənayeçilər» İctimai Birliyi (TÜİB) adı altında bir araya toplanan iş adamları öz
sıralarında yerli və xarici şirkət rəhbərlərini, eləcə də sahibkarları birləşdirir.
Təşkilata Azərbaycanda fəaliyyət göstərən çox saylı böyük şirkət və holdinqlər,
eləcə də tanınmış iş adamları daxildir.
Təşkilatın qarşısında duran əsas hədəflər Azərbaycan və Türkiyənin mövcud
iqtisadi potensialının gücləndirilməsi, iki ölkənin iş adamları arasında ortaq

platformalar təsis etmək, birgə əməkdaşlıq və investisiya yatırımlarını təşviq
etməkdir.