BP-nin dünyada icra etdiyi ən iri miqyaslı layihələrindən biri “Cənubi Qafqaz Boru Kəməri” və “Şahdəniz” layihəsidir.

“APA-Economics”in məlumatına görə, bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Cons bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Q. Cons bildirib ki, Bakıda olduğu bir ilə yaxın müddətdə istər Azərbaycanda, istərsə də Gürcüstandakı quruda və dənizdə olan layihələrə baş çəkib, onların tikinti işləri ilə yaxından tanış olub. BP prezidenti ötən gün Bakıda keçirilən “Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının nazirlərinin toplantısına da toxunub: “Belə bir Məşvərət Şurasının yaradılması çox vacib idi. Bu layihədə iştirak edən ölkələrin nazirlərini və iştirakçı şirkətlərin nümayəndə və rəhbərlərini bir araya yığmaq, toplamaq böyük bir uğurdur. Bu səbəbdən də bu layihə uğurla irəliləyir. Onun tikintisi qrafiki qabaqlayır və indiki mərhələdə layihənin tikintisinə ayrılan vəsait büdcədə nəzərdə tutulan xərclərdən daha az olmaqla icra edilir”.