İqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Qarsda səfərdədir.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan nümayəndə heyəti əvvəlcə Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə əklil qoyublar.

Sonra Azərbaycan nümayəndə heyəti Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanla görüşüb. Görüşdə Azərbaycanın qardaş Türkiyə ilə bütün sahələrdə, o cümlədən nəqliyyat-tranzit sahəsində əməkdaşlığının inkişaf etdiyi bildirilib. Qeyd edilib ki, tranzit daşımalarında Türkiyədən Orta Asiyaya və əks istiqamətdə hərəkət edən yük maşınlarının sayı artıb. Yaradılan infrastuktur (dəmir yolu, Ələt Dəniz Ticarət Limanı, avtomobil yolları və s.) yük daşımalarının daha da artırılmasına geniş imkanlar açır.

Görüşdə “Trans-Xəzər Şərq-Qərb Ticarət və Tranzit Dəhlizi”nin təşviqi ilə bağlı işlərin davam etdirilməsinin önəmi vurğulanıb. Eyni zamanda ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə nəqliyyat - tranzit yükdaşımaları sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

Sonra Azərbaycan nümayəndə heyəti müzakirələrin davamı məqsədilə Gürcüstana yola düşüb.
Şahin Mustafayev Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri ilə görüşüb
Şahin Mustafayev Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri ilə görüşüb