Azərbaycanda qızıl istehsal olunmur, ölkəyə bu qiymətli metal kənardan gətirilir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında iqtisadçı Samir Əliyev bildirib.

Onun sözlərinə görə, yalnız Gədəbəydə istehsal olunan qızılı külçə şəklində Mərkəzi Bank alır: “Zinət məqsədli qızıl məmulatlarını başqa ölkələrdən idxal edirik. Ona görə də dünyada baş verən proseslər qiymətə öz təsirini göstərir.

Qızılın ucuzlaşması daxili və xarici amillərlə bağlıdır. Xarici amillərə nəzər salsaq görərik ki, bu ilin 8 ayı ərzində dünya bazarında qızılın qiyməti 8 faizdən çox ucuzlaşıb. Bu, kifayət qədər böyük rəqəmdir. Nəzərə alsaq ki, qızıl dollarla alınır, Azərbaycan manatının məzənnəsi sabitdir, dünya bazarında qızıl-dollar münasibəti düşdüyünə görə qiymət manata nisbətdə də ucuzlaşır.

Dünya bazarında, daha çox Çin və Yaxın Şərq ölkələrində qızıla tələbat azalıb. Qiymətlərə bu da təsir göstərib. Bu səbəbdən qızılın Azərbaycana daxil olan qiyməti keçən ilə nisbətən ucuzlaşıb”.

Ekspert deyib ki, qızılın ucuzlaşmasının ikinci amili daxili bazarla bağlıdır və ya mövsümi xarakter daşıyır: “İndi məhərrəmlik ayıdır, iki aya yaxın xeyir iş olmayacaq, qızılda da ucuzlaşma müşahidə olunur”.