İlhamə Qədimova kənd təsərrüfatı nazirinin müavini təyin olunub.

Leqal.info bildirir ki, nazirlikdən "Report"a verilən məlumata görə, bu barədə nazir İnam Kərimov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, İ.Qədimova Bakı şəhərində anadan olub. 1993-2009-cu illərdə Türkiyə Respublikasının Ankara və Mərmərə universitetlərində hüquqşünas ixtisası üzrə bakalavr, dövlət hüquqi üzrə magistratura, doktorantura təhsili almış və hüquq elmləri üzrə doktordur.

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

2010-2012-ci illərdə Prezident yanında Dövlət Qulluğu Komissiyasında Hüquqi təminat şöbəsində baş məsləhətçi vəzifəsində çalışıb. 2012-ci il 18 dekabr tarixindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində işləyib. 2018-ci ilin may ayından Kənd Təsərrüfatı Nazirliyinin Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb.