"EXPO 2025" sərgisinin keçiriləcəyi şəhərin seçilməsi barədə yekun qərar noyabrın 23-ü Parisdə Beynəlxalq Sərgi Bürosunun (BIE) 164-cü Baş Assambleyasında qəbul olunacaq.

Leqal.info xəbər verir ki, bu barədə Trend-ə Bürodan deyiblər.

Qeyd olunub ki, Baş Assambleyaya qədər BIE nümayəndələrinin namizəd şəhərlərə səfərləri planlaşdırılmır:

“Oktyabrın əvvəlində hər namizəd Parisdə tematik seminarlar keçirib. Azərbaycan tərəfinin seminarı oktyabrın 4-ü, Yaponiyanın oktyabrın 9-u, Rusiyanın seminarı isə oktyabrın 25-i keçirilib”.

Qeyd edək ki, "EXPO 2025" sərgisinin keçirilməsi üçün namizədlər Bakı, Osaka və Yekaterinburq şəhərləridir.

Azərbaycan 18 il ərzində 6 "EXPO" sərgisində öz pavilyonları ilə təmsil olunub və 3 mükafat qazanıb.

Bakının namizədliyi seçiləcəyi təqdirdə sərgi 2025-ci il mayın 10-dan noyabrın 10-dək keçiriləcək və altı ay davam edəcək.

Növbəti "EXPO" sərgisi 2020-ci il oktyabrın 20-dən 2021-ci il aprelin 10-dək Dubayda keçiriləcək.