“Dövlət Gömrük Komitəsinin hesablamalarına görə, dekabr ayının proqnozunun icrasından sonra ilin əvvəlindəki proqnozla, yəni dövlət büdcəsinin dürüstləşməsindən oncə gözlənilən rəqəmlə müqayisədə büdcə öhdəliyinin 1 mlrd. manatdan artıq vəsaitlə yerinə yetirilməsi mümkün olacaq”.

"Leqal.info"nun “Report”a istinadən məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bu gün “Caspian European Club” üzvləri ilə görüşdə jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu ilin ortasında Dövlət Gömrük Komitəsinin plan proqnozu əlavə 760 mln. manat artırılıb: “Bugünkü gün üçün, demək olar ki, Dövlət Gömrük Komitəsi illik plan proqnozunu artıqlaması ilə yerinə yetirib. Artıq bugünkü tarixə 3 mlrd. 380 mln. manat dövlət büdcəsinə köçürülməsi təmin olunub”.

S.Mehdiyev bildirib ki, ilin sonuna qədər bu rəqəm daha da artacaq və nəzərdə tutulan plan proqnoz artıqlaması ilə yerinə yetiriləcək.