Dekabrın 14-də Dövlət Gömrük Komitəsində qadınların gömrük orqanlarında xidmətə qəbulu ilə əlaqədar növbəti müsabiqənin birinci - test imtahan mərhələsi keçirilib.

"Leqal.info"nun Trend-ə istinadən məlumatına görə, müsabiqədən əvvəl Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov çıxış edərək bildirib ki, imtahan gender bərabərliyinin təmin olunması istiqamətində dövlət siyasətindən irəli gələn məsələlərin yerinə yetirilməsi məqsədilə təşkil olunub.

İsmayıl Hüseynov qeyd edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən davamlı iqtisadi inkişaf strategiyasının reallaşmasında Dövlət Gömrük Komitəsi də mühüm rol oynayır. Gömrük işinin daha da səmərəli təşkil olunması məqsədilə gömrük sistemində ciddi islahatlar aparıldığını bildirən İsmayıl Hüseynov nəticədə vakant yerlərin yarandığını diqqətə çatdırıb. Vurğulayıb ki, ölkədə aparılan uğurlu gender bərabərliyi siyasətinə töhfə vermək məqsədilə vakant yerlərı üçün elan olunan müsabiqədə yalnız qadın namizədlərin iştirakı məqsədəuyğun hesab olunub.

Bundan öncə xidmətə qəbulla bağlı keçirilən birinci müsabiqənin uğurla yekunlaşdığını diqqətə çatdıran İsmayıl Hüseynov bu dəfə də layiqli namizədlərin müvəffəqiyyət qazanacağına əminliyini ifadə edib.

Sonra test imtahanına start verilib. Müsabiqədə 229 namizəd iştirak edir.

Qeyd edək ki, tam şəffaf şəkildə keçirilən imtahanların nəticələri informasiya texnologiyalarının tətbiqi hesabına dərhal elan edilir.