Azərbaycan Mərkəzi Bankı bu il martın 18-dən yenilənmiş dizayn və mühafizə elementlərinə malik 10 manatlıq pul nişanını tədavülə buraxıb.

“Leqal.info” xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən yeni pul nişanlarının tədavülə buraxılmasına dair məlumatlar rəsmi elan olunduqdan sonra ölkə ərazisində istismar olunan nağd ödəniş avadanlıqlarının uyğunlaşdırılması (adaptasiyası) məqsədilə dövriyyəyə məhdud sayda müvafiq pul nişanları buraxılır və bu proseslər müəyyən vaxt ərzində (beynəlxalq təcrübədə 10 aya qədər müddətdə) həyata keçirilir.

Tədüvüldə olan yeni 10 manatlıq pul nişanları 10 manatlıq əskinas üzrə ümumi dövriyyənin 0,5%-i qədərdir. Bu say kredit təşkilatları, poçt rabitəsinin milli operatoru və qeyri-bank ödəniş təşkilatlarına məxsus nağd ödəniş avadanlıqlarının adaptasiyası üçün yetərlidir. Hazırda, qeyd edilən təşkilatlar tərəfindən müvafiq adaptasiya işləri ilə bağlı tədbirlər görülür və sistemlərin uyğunlaşdırılmasının gələn ayın sonuna qədər tam yekunlaşdırılması nəzərdə tutulur.