Bakı Apelyasiya Məhkəməsində oğurluqda təqsirli bilinən dəstə üzvlərinin apelyasiya şikayətlərinə baxılıb.

"Leqal.info"nun xəbərinə görə, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib və hökm dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Aslan Qasımov, Elnur Aslanov və İmamverdi Həsənovun hər birinə 7 il, Familə Vəliyevaya 5 il və Sahib Həsənbəyliyə isə 2 il həbs cəzası verilib.

Təqsirləndirilən şəxslər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli-miqdarda oğurluqda təqsirli biliniblər.

Hadisə ötən ilin aprel ayında baş verib. Xətai Rayon Polis İdarəsinə müraciət edən şəxs fərdi yaşayış evindən içərisində külli miqdarda pul və qızıl-zinət əşyaları olan seyfin oğurlandığını bildirib. Cinayəti törətməkdə təqsirləndirilən Bakı şəhər sakini İmamverdi Həsənov, Sahib Həsənbəyli, həmçinin əvvəllər məhkum olunan - Elnur Aslanov və Aslan Qasımov saxlanılaraq istintaqa təhvil veriliblər. Daha sonra dəstənin digər üzvü olan F.Vəliyeva saxlanılıb.

Zərərçəkmiş Ş.Hüseynova məhkəmədə bildirib ki, evindən 374 min manat pul və qızıl-zinət əşyaları oğurlanıb. O deyib ki, təqsirləndirilən Familə Vəliyeva vaxtilə onun evində işləyib, etibarını qazanıb, sonra da belə bir iş görüb.

Cinayət işinin materiallarında da iddia olunur ki, Familə digər dörd nəfərə Ş.Hüseynovanın evinin harada yerləşməsi, mənzildəki pul və qızıllar barədə məlumat verib, onları yönləndirib.

Təqsirləndirilən F.Vəliyeva isə ittihamı qəbul etməyib. O bildirib ki, Ş.Hüseynova ilə şərikli obyekti var və qadın onu həbs etdirmək istəyir.

Xatırladaq ki, zərərçəkmiş şəxs 40 saylı notariat kontorunun rəhbəridir.